Bakı. 15 fevral. REPORT.AZ/ Bakıda ikinci qrup əlil qadının evinin üzərinə ağac düşmə təhlükəsi yaranıb.
"Report"un xəbərinə görə, Bakı şəhəri, Binəqədi rayonunun Biləcəri qəsəbəsi, Hərbi şəhərcikdə yaşayan iki mənzilin sahiblərini bir neçə gündür ki, aşmaq təhlükəsi olan ağac qorxuya salıb. Ev 5 mənzil 1 ünvanında yaşayan Pərrux Kərimova ikici qrup əlildir. Gözləri yaxşı görmədiyi üçün yaxınlıqda yaşayan qonşular ona yardım göstərirlər.
P.Kərimova bildirir ki, o, hər gecə işığı və qazı sayğacdan söndürməyə məcbur olur: "Gecə düşən kimi mən işığı və qazı sayğacdan söndürürəm. Pəncərədən ağaca baxıram. Küləkli günlərdə o qədər qorxuram ki, sanki ağac aşıb evi uçuracaq, mən də qalacam bu soyuq havada çöllərdə... Yanvarın 25-dən ağacın kökündən tərpəndiyinin şahidi olmuşam".
P.Kərimova problemlə bağlı fevralın 6-da Binəqədi Rayon İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edib.
"Report"un əməkdaşları çəkiliş zamanı ağacın kökündən demək olar ki, çıxdığını müşahidə edib. Baxmayaraq ki, qonşular ağacı kəndirlə bərkidib.
Qonşuluqda yaşayan Cabir Bəyalıyev ağacın tək bir evin yox, digər mənzilin də üzərinə aşacağını deyib. Bu səbəbdən də C.Bəyalıyev aşmaq təhlükəsi olan şam ağacının altına dirəklər düzüb.






