Yuxarı

​Abuzər Cəfərov: "Özümü təqsirli bilmirəm"

Məhkəmənin növbəti iclası mayın 23-nə təyin edilib

Bakı. 13 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Abuzər Cəfərovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

A.Cəfərov özünü təqsirli bilməyib, ona qarşı irəli sürülən ittihamın əsassız olduğunu bildirib. 

Daha sonra prosesdə zərərçəkmiş şəxs Şamaxı rayon sakini İslam İslamov ifadə verib. O, Abuzər Cəfərovu Tapdıq adlı şəxs vasitəsi ilə tanıdığını deyib: "Tapdıq oğlumu Abuzər Cəfərovun işə düzəldəcəyini dedi. Abuzərlə görüşüb ona əvvəl 3 min manat verdim. Sonra Abuzər 100 manat və daha 500 manat da istədi. Həmin pulları da ona verdim, amma oğlumu işə düzəltmədi. Abuzər telefonunu söndürdü, onu tapa bilmədik".

Digər zərərçəkmiş Zahid Xəlilov ifadəsi zamanı Abuzər Cəfərovu qohumu İslam İslamovun vasitəsi ilə tanıdığını bildirib: "Abuzər oğlumu Fövqəladə Hallar Nazirliyinə işə düzəltmək adı ilə məndən 2500 manat pul aldı. O, nə iş düzəldi, nə də pulumu qayıtdı. Biz bu şəxsin tutulmasını deyil, pulumuzu geri qaytarmasını istəyirik”.

A.Cəfərov heç kimə qarşı dələduzluq etmədiyini bildirib: "Həmin şəxslərdən İslam İslamov yalan danışır. Zahid Xəlilovla isə bir az razıyam. Onlara bir jurnalist kimi hümanitar yardım etmişəm. Zahidin oğlunu işə düzəltdim, onu çağıracaqlar".

Məhkəmənin növbəti iclası mayın 23-nə təyin edilib.

Qeyd edək ki, jurnalist A.Cəfərov ötən il Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, 8 nəfər şəxslərdən işə düzəltmək adı ilə pul alaraq qaytarmayıb. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb. Həbs olunarkən onda 20 ədəd saxta vəsiqə də aşkar edilib.

Xatırladaq ki, A.Cəfərov "Siyasi məhbuslarsız Azərbaycan" İctimai Alyansı ilə əməkdaşlıq edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi