Bakı. 26 avqust. REPORT.AZ/ Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Elxan Nağıyevin barəsində çıxarılan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
"Report"un xəbərinə görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.
Belə ki, onun 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin (CM) 62-ci maddəsi tətbiq edilməklə 2 ilə endirilib.
İttiham aktına əsasən, hadisə 2016-cı ilin avqust ayının 5-də baş verib. E.Nağıyev həmin gün saat 17:00 radələrində Şəmsəddin Piriyevə məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən “Üç ulduz” yeməkxanasına gedərək orada təmir işləri aparan Əli Yusifovdan ona pivə verməsini istəyib. Ə.Yusifov isə yeməkxananın təmirə dayandığını söyləyib və pivə verilmədiyini ona kobud formada deyib. Daha sonra hər iki şəxs arasında mübahisə yaranıb. Nəticədə E.Nağıyev onun sifət nahiyəsinə qəsdən yumruqla bir zərbə vurub. Ə.Yusifov zərbənin təsirindən yerə yıxılaraq başı yeməkxananın bayır tərəfində divara vurulmuş aqlay daşlarından birinin tininə dəyib və o, xəsarətlər alıb.
Hadisədən sonra E.Nağıyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağrır zərər vurma) maddəsi ilə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 yanvar 2017-ci il tarixli hökmü ilə E.Nağıyev 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumun müdafiəçisi apellyasiya şikayətiu verib. O, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilib, təqsirləndirilən şəxsin əməlinin CM-nin 131.2-ci (ehtiyatsızlıqdan sağlamlığa az ağır və ya ağır zərər vurma) maddəsinə tövsif edilərək müvəkkilinin barəsində həmin maddə ilə cəza təyin edilmiəsini xahiş edib.