Abşeronda soyğunçuluq edən dəstə üzvlərinin cəzaları yüngülləşdirilib

Abşeronda soyğunçuluq edən dəstə üzvlərinin cəzaları yüngülləşdirilib Hakim Mübariz Zeynalovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub
Hadisə
28 Yanvar , 2017 16:23
Abşeronda soyğunçuluq edən dəstə üzvlərinin cəzaları yüngülləşdirilib

Bakı. 28 yanvar. REPORT.AZ/ Sumqayıt Apellyasiya Məhkəməsində soyğunçuluq etməkdə təqsirləndirilən Sərxan Manafov, Nicat Süleymanov və Orxan Əlibəyovun barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Mübariz Zeynalovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, təqsirləndirilən şəxslərdən S.Manafov və O.Əlibəyovun apellyasiya şikayəti qismən təmin edilib. Lakin N.Süleymanovun apellyasiya şikayəti təmin olunmayıb. Hər iki şəxs haqqında olan hökm dəyişdirilib. Belə ki, S.Manafov və O.Əlibəyovun 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 4 ilə endirilib.

Qeyd edək ki, cinayət hadisəsi ötən il yanvarın 18-də Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 4-cü küçədə yerləşən 77 saylı evdə baş verib. S.Manafov, N.Süleymanov və O.Əlibəyov qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşiblər. Onlar 77 saylı ünvanda yaşayan Cabir Nəbiyevin evinə daxil olub, soyğunçuluq ediblər. Həmin zaman C.Nəbiyev və onun arvadı Tərlan Adullayeva evdə olmayıblar.

Soyğunçular onların yataq otağındakı dolabın içərisindən 650 manat pulu, 1550 manat dəyərində ağ qızıldan olan brilyant qaşlı qadın bilərziyini, 450 manat dəyərində ağ qızıldan olmaqla üzərində 5 brilyant qaşı olan qadın üzüyünü, 950 manat dəyərində bir ədəd üzükdən, boyunbağıdan, sırğadan və kulondan ibarət dəsti, 550 manat dəyərində üzərində 5 brilyant qaşı olan qızıl qadın üzüyünü, 150 manat dəyərində “Fantaziya” qızıl qadın üzüyünü, 350 manat dəyərində qızıldan qadın üzüyünü, 1000 manat dəyərində “Tissot” markalı kişi qızıl saatını, 50 manat dəyərində bir cüt qızıl sırğanı, 50 manat dəyərində qızıl yarpağı və 50 manat dəyərində ay-ulduz formalı qızılı, bir ədədi 20 manat olan cəmi 100 manat dəyərində 5 ədədd gümüş qadın bilərziyini, bir ədədi 50 manat olan cəmi 350 manat dəyərində 7 ədəd gümüş üzük-sırğa dəstini, 50 manat dəyərində bir ədəd gümüş qadın boyunbağısını, bir ədədi 10 manat olan cəmi 20 manat dəyərində iki ədəd gümüş qadın boyunbağısını ələ keçirən zaman C.Nəbiyev evə qayıdıb. Bu zaman ev sahibi həmin şəxsləri görüb və onlar hərəkətlərinə davam edərək oğurladıqları pul və əmlakla hadisə yerindən qaçıb.

Zərərçəkmiş C.Nəbiyevə ümumilikdə 6370 manat məbləğində xeyli miqdarda maddi ziyan dəyib.

S.Manafov, N.Süleymanov və O.Əlibəyov Cinayət Məcəlləsinin 180.2.1-ci (soyğunçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 180.2.3-cü (soyğunçuluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə) və 180.2.5-ci (soyğunçuluq, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Manafov və O.Əlibəyovun 4 il 6 ay və N.Süleymanov isə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi