Yuxarı

Abşeronda qadınlara qarşı quldurluq edən şəxslərə hökm oxunub

​Abşeronda qadınlara qarşı quldurluq edən şəxslərə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Elnur Axundov və Rafiq Ağayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Axundov 12 il və R.Ağayev isə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, E.Axundov və R.Ağayev ötən il martın 7-də Baş Cinayət Axtarış İdarəsi və Abşeron rayon Polis idarəsi əməkdaşları tərəfindən yaxalanılıblar. E.Axundovun əvvəllər də məhkum olunduğu üzə çıxıb.

Məlumata görə, həmin şəxslər Ceyranbatan qəsəbəsinin Nərimanov küçəsində gecə saat 01 radələrində 36 yaşlı Könül Sahibovanın yaşadığı evə üzlərinə maska geyinərək basqın ediblər. Qadının evdə tək olmasından istifadə edən hər iki şəxs ikinci mərtəbənin pəncərəsindən mənzilə daxil olub və ona hücum ediblər.

Onlar zor tətbiq etməklə K.Sahibovanın əl və ayaqlarını bağlayıb, həmçinin ağzına yapışqanlı lent yapışdırıblar.

Bıçaqla hədə-qorxu gələn, pul və qızıl tələb edən həmin şəxslər mənzildən 50 manat və dəyəri 300 manat olan qızıl sırğaları götürərək qaçıblar.

Araşdırma zamanı E.Axundov və R.Ağayevin martın 2-də Ceyranbatan qəsəbəsində yaşayan Vüsalə Həşimovaya qarşı quldurluğa cəhd göstərdikləri də məlum olub.

Hər iki dost həmin vaxt mənzildə olan 1988-ci il təvəllüdlü Vüsalə Həşimova və onun 2013-cü il təvəllüdlü qızı Zəhra Həşimovaya bıçaqla hədə-qorxu gəliblər. Onlar bıçaqla qadın və qıza müxtəlif dərəcəli xəsarətlər yetiriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi