Abşeronda piyadanı vurmaqda təqsirləndirilən şəxsin cəzası endirilib

Abşeronda piyadanı vurmaqda təqsirləndirilən şəxsin cəzası endirilib Hakim Fərmayıl Zeynallının sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub
Hadisə
28 İyun , 2017 17:37
Abşeronda piyadanı vurmaqda təqsirləndirilən şəxsin cəzası endirilib

Bakı. 28 iyun. REPORT.AZ/ Sumqayıt Apellyasiya Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Zabil Əsədzadənin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Fərmayıl Zeynallının sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Z.Əsədzadənin apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, onun 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 5 ilə endirilib.

İttiham aktına əsasən, 2016-cı il mayın 17-də saat 20:20 radələrində Abşeron rayonunun Saray qəsəbəsində baş verib. Sumqayıt şəhər sakinləri Tofiq Haqverdiyevin idarə etdiyi “Ford” və Z.Əsədzadənin idarə etdiyi “Mitsubishi” markalı avtomobillər toqquşub. Bu zaman Z.Əsədzadə idarəetməni itirdiyindən yolun kənarında dayanan qəsəbə sakini Minə Əmiraslanovanı vurub. M.Əmiraslanova hadisə yerində ölüb.

Z.Əsədzadə Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunub.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi