Yuxarı

Abşeronda kolbasa sexində mənşəyi məlum olmayan ətlər aşkarlanıb - FOTO

Laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq, qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək

Bakı. 6 aprel. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) Abşeron Rayon Baytarlıq İdarəsi tərəfindən qida təhlükəsizliyi ilə əlaqədar rayon ərazisində fəaliyyət göstərən baytarlıq nəzarətində olan obyektdə baytarlıq nəzarəti həyata keçirib.

Bu barədə "Report"a DBNX-nin mətbuat xidmətindən bildirilib.

Həyata keçirilən nəzarət tədbir zamanı Masazır kəndinin "Quşçuluq" yaşayış massivinin yaxınlığında yerləşən fiziki şəxs Sahib Böyükağa oğlu Şirinova məxsus kolbasa məmulatları istehsalı sexinin soyuducu kamerasında mənşəyi məlum olmayan, qida üçün yararlığı və orqanoleptik göstəriciləri şübhə doğuran, polietilen torbalarda sümüksüz heyvan ətləri, gigiyenik olmayan plastik vannalarda farş və müxtəlif toyuq əti məhsulları aşkar olunub.

Aşkar edilən heyvan ətlərinin, farşın və toyuq ətlərinin mənşəyinə və sağlamlığına dair heç bir baytarlıq sənədləri (baytarlıq şəhadətnaməsi forma 2, baytarlıq arayışı) olmayıb. 1000 kq-a yaxın sümüksüz ətlərin, farşın və toyuq məsullarının qida üçün yararlı olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə baytarlıq qanunvericiliyinə uyğun onlardan nümunələr götürülərək bakterioloji, biokimyəvi müayinələr üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq, qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, bu istiqamətdə baytarlıq nəzarəti tədbirləri ardıcıl olaraq bundan sonra da davam etdiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi