Abşeronda fərdi yaşayış evinin həyətyanı sahəsində külli miqdarda narkotik maddə aşkar edilib.
"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, gecə saatlarında Masazırda keçirilən əməliyyat zamanı Şakir Məmmədov maddi sübutlarla saxlanılaraq istintaqa təhvil verilib.
Belə ki, Abşeron rayon Polis İdarəsinin əməkdaşları məlumat əsasında Masazır kəndində Şakir Məmmədovun fərdi yaşayış evinə və həyətyanı sahəsinə baxış keçiriblər. Əməliyyat zamanı aqrotexniki qaydada becərilmiş yüzlərlə narkotik vasitə hesab edilən çətənə kolları aşkar edilib.
Əməliyyat zamanı ərazidən 250-dən çox çətənə kolu çıxarılıb. Şakir Məmmədovun yaşadığı evə baxış keçirilən zaman orada qurudulmuş halda külli miqdarda narkotik maddə aşkarlanaraq maddi sübut kimi götürülüb.
Əməliyyat 3 saat davam edib və fakt öz təsdiqini tapıb. Şakir Məmmədov saxlanılaraq polis idarəsinə aparılıb. Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.















