Abşeronda arvadını güllələyən şəxsin cəzası yüngülləşdirilib

Abşeronda arvadını güllələyən şəxsin cəzası yüngülləşdirilib Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib
Hadisə
26 Aprel , 2017 10:19
Abşeronda arvadını güllələyən şəxsin cəzası yüngülləşdirilib

Bakı. 26 aprel. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində həyat yoldaşını öldürməyə cəhd etməkdə təqsirləndirilən Seyran Tahirovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Fərmayıl Zeynallının sədrliyi ilə keçirilən prosersdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, S.Tahirovun Cinayət Məcəlləsinin (CM) 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd) və 131.1-ci (ehtiyatsızlıqdan sağlamlığa az ağır zərər vurma) maddələri ilə təqsirli bilinib 9 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 fevral 2015-ci il tarixli hökmü ləğv edilib. O, CM-in 29,120.2.4-cü (qəsdən adam öldürməyə cəhd, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) maddələri ilə təqsirli bilinərək, cəzası 8 il 6 ay müddətinə endirilib.

Qeyd edək ki, hadisə 2014-cü ildə Abşeron rayonu, Saray qəsəbəsində baş verib. Məhbubə Tahirova odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb. Vaxtında xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olub.

Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən S.Tahirov saxlanılıb. M.Tahirovanın həyat yoldaşı olan S.Tahirov ilkin ifadəsində bildirib ki, hadisədən bir neçə ay əvvəl ondan ayrılıb: “Məhbubə sözümə baxmırdı. Buna görə də onu güllələdim".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Tahirov 9 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. 

Son xəbərlər

Orphus sistemi