Yuxarı

Abbas Bağırov məhkəməyə ərizə göndərib, ona dəymiş zərər ödənilib

© Report

Bakı. 19 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Orxan Mehrəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Maman Nadirova ifadə verib.

Hazırda həbsdə olduğunu bildirən M.Nadirova deyib ki, 2016-ci ildə O.Mehrəliyevi Eyyub adlı şəxs vasitəsilə tanıyıb: "Barəmdə insan alverinə görə cinayət işi başlanmışdı. Eyyub söylədi ki, Orxan adlı şəxs bu işi həll edə bilər. Sonra biz görüşdük, Xətai ilə müqavilə bağladıq. Orxan mənə həmişə telefonda görüntülü yığırdı. O, məndən 2000 manat pul istədi. Bildirdi ki, Daxili Qoşunlarda tanışı var, bu işi həll edəcək. Sonra 1500 manat da pul verdim. Lakin işimi həll etmədi. Hər zəng edəndə işi uzadırdı. Orxanın qardaşı Rövşən mənə telefonda hədə-qorxu gəlirdi, təhqir edirdi. Bu barədə Xətaiyə də bildirdim. Rövşən kiminsə vasitəsilə məni həbsə saldıracağını deyirdi".

M.Nadorova qeyd edib ki, məhkəmənin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Sualları cavablandıran zərərçəkmiş söyləyib ki, əvvəl Xətai Yusubovdan şikayətçi olub: "Çünki Orxan pulu Xətaiyə verdiyini deyirdi. Mən də bu barədə Xətai ilə danışdım, o da Orxanın ona pul vermədiyini bildirdi. Xətai aramızda bağlanmış müqavilə pulunu geri qaytardı. Abbas Bağırovun toy günü Orxan mənə zəng elədi. O, vəzifəli şəxsin toyda olduğunu, onunla danışdığını, mənim işi həll etdiyini bildirdi. Mən də ona inandım".

Daha sonra təqsirləndirilən şəxsin vəkilləri M.Nadirova ilə digər zərərçəkmiş Xətai Yusubova suallar veriblər. Bu zaman vəkillərlə X.Yusubov arasında mübahisə düşüb. X.Yusubov məhkəməyə etiraz edərək zalı tərk edib.

O, daha sonra təqsirləndirilən şəxslərin vəkilləri barəsində təhqiramiz ifadələr işlədib.

Məhkəmə M.Nadirovaya xəbərdarlıq edib.

Prosesdə digər zərərçəkmiş Emil Qurbanov da dindirilib. O söyləyib ki, O.Mirəliyev müğənni, əməkdar artist Abbas Bağırova məxsus olan qarajı ona 10 min manata satıb: "Sənədlər Orxanın adına idi. Aramızda alqı-satqı olmadı. Pulu da elə Orxana verdim. Sonra Abbasla danışdım. Məlum oldu ki, qaraj Abbasa məxsusdur. Pulumu geri ala bilmədim, yenə də şikayətçi deyiləm".

O.Mirəliyev deyib ki, həmin qaraj onun özünə məxsusdur: "Emil mənə pul verməyib".

Hakim bildirib ki, A.Bağırovun məhkəməyə ərizəsi daxil olub. Müğənni ona dəymiş zərərin ödənildiyini, O.Mirəliyevdən şikayətçi olmadığını deyib. A.Bağırov məhkəmədən xahiş edib ki, özünün iştirakı olmadan məhkəmə davam etdirilsin.

Məhkəmənin növbəti iclası martın 5-nə təyin edilib.

İttiham aktına əsasən, O.Mirəliyev köməkçisi olduğu tanınmış müğənni, əməkdar artist Abbas Bağırovun Bakı şəhər, Yasamal rayonu, Şahbazi küçəsi, 99 nömrəli binanın həyətində yerləşən və dəyəri 20 min manat olan 28 kv metr torpaq sahəsini dələduzluq yolu ilə ələ keçirib.

Həmçinin, o, müğənni A.Bağırova məxsus, qarajı Emil Qurbanova satacağını vəd edərək, ondan 10 min manat pul alıb.

Cinayət materialına görə, O.Mirəliyev Ümumdünya Azərbaycan Konqresinin hüquqşünası Xətai Yusubovdan 52 500 manat pul alaraq, onu Müdafiə Nazirliyinin Hüquq şöbəsinin rəis müavini vəzifəsinə təyin etdirəcəyini vəd edib.

O, təkrarən Maman Nadirovadan 2017-ci ildə 3500 manat pul alaraq, onun cinayət işinə xitam verdirəcəyini vəd edib.

O.Mirəliyevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, O.Mirəliyev müğənni İradə Mehrinin qardaşıdır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi