Bakıda 97 kiloqramdan artıq narkotiklə tutulan şəxslərin məhkəməsi başlayıb

Bakıda 97 kiloqramdan artıq narkotiklə tutulan şəxslərin məhkəməsi başlayıb Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Aqşin Əlizadə və Ramin Həyatovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Hadisə
6 İyun , 2019 11:25
Bakıda 97 kiloqramdan artıq narkotiklə tutulan şəxslərin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Aqşin Əlizadə və Ramin Həyatovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. 

Təqsirləndirilən Aqşin Əlizadə özünü narkotik satışında deyil, Cinayət Məcəlləsinin 237-ci (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə) maddəsi ilə günahkar saydığını deyib.

O, digər təqsirləndirilən şəxsin vəkili Tükəzban Aşurovaya etiraz verib və onun işdən uzaqlaşdırılması barədə vəsatət qaldırıb. A.Əlizadə etirazını belə əsaslandırıb ki, Tükəzban Aşurova istintaq dövründə ona zəng edib, daha sonra istintaq təcridxanasına gələrək "xalaqızı" adi ilə onunla görüşüb və cinayəti təkbaşına boynuna götürməyi təklif edib.

Vəkil Tükəzban Aşurova isə bildirib ki, A.Əlizadəyə zəng etməsi və görüşməsi təqsirləndirilənin öz istəyi ilə baş tutub: “Həbs qətimkan tədbirinin uzadılması üçün onları məhkəməyə aparanda Aqşin mənə demişdi ki, vəkili ailəsindən pulu alıb, heç bir iş də görmür, məndən kömək istədi. Nömrəmi də onda götürdü. Bir gün tanımadığım şəhər nömrəsindən telefonuma zəng gəldi. Həmin nömrəyə geri zəng elədim, Aqşin imiş, təcridxanadan zəng eləmişdi. İstəyirdi ki, gəlib onunla görüşüm. Özü dedi ki, "xalaqızı" adıyla gəlib onunla görüşüm. Bir gün başqa bir təqsirləndirilənlə görüşmək üçün təcridxanaya gedəndə orada öyrəndim ki, mənimlə görüşmək üçün ərizə yazıb verib”.

Vəkil əlavə edib ki, Aqşin hüquqi baxımdan savadsız olduğunu deyib, Raminlə üzləşdirilmək, yenidən dindirilmək üçün müstəntiqin adına ərizə yazmağı xahiş edib, o da yerinə yetirib.

A.Əlizadə ilə R.Həyatovun vəkilləri arasında mübahisə yaranıb, hakim isə tərəfləri dinlədikdən sonra T.Aşurovanın işdən uzaqlaşdırılması barədə vəsatəti təmin etməyib.

A.Əlizadənin vəkili bildirib ki, müdafiə etdiyi şəxsin səhhətində ciddi problemlər var, əl ağacı ilə gəzir və onun həbsdə saxlanması həyatı üçün təhlükəlidir. O, A.Əlizadə barədə həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsini istəyib.

Məhkəmə bu vəsatəti də təmin etməyib. 

Proses davam ecəcək.

Daxili İşlər Nazilriliy (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının 2018-ci ilin avqust ayında daxil olan məlumat əsasında həyata keçirdikləri əməliyyat nəticəsində Pirallahı rayon sakini, əvvəllər məhkum olunmuş Aqşin Əlizadə saxlanılıb. Onun qəsəbə ərazisində yerləşən evinə baxış zamanı 6 kiloqram marixuana aşkar olunub. Əməliyyat tədbirlərinin davamı olaraq A.Əlizadənin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 91 kiloqram 500 qram olan 75 ədəd çətənə kolu da müəyyən olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri əkib-becərdiyini və onlara xüsusi qulluq edərək yetişdirdiyini bildirib. Cinayət işinin istintaqa keçirilən zaman Ramin Həyatov da təqsirləndirilən şəxs qismində saxlanılıb. Onlara Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib. 

Son xəbərlər

Orphus sistemi