Bakı. 29 yanvar. REPORT.AZ/ Azərbaycanda icra məmurları tərəfindən əmək və icra intizamının, etik davranış qaydalarının pozulması halları, icra tədbirlərinin vaxtında həyata keçirilməməsi və süründürməçilik halları səbəbindən 42 əməkdaş intizam məsuliyyətinə cəlb edilib, o cümlədən 4 nəfər ədliyyə orqanlarından xaric olunub.
“Report”un xəbərinə görə, bu barədə ədliyyə nazirinin müavini Vilayət Zahirov məlumat verib.
Ədliyyə Nazirliyində keçirilən toplantıda icra məmurları tərəfindən vətəndaşlara qayğılı münasibət göstərilməsi, antikorrupsiya mədəniyyətinin yüksəldilməsi, məsuliyyət hissinin artırılması, qulluqla bir araya sığmayan hərəkətlərin aradan qaldırılmasına dair qəti tapşırıqlar verilib.
Həmçinin qeyd olunub ki, ötən il 3,8 milyondan çox notariat hərəkəti, 366 minə yaxın isə vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib. Həmçinin, əhaliyə göstərilən xidmətlərin elektron qaydada həyata keçirilməsi, onların sayının artırılması diqqət mərkəzində saxlanılaraq qeyri-hökumət təşkilatları üçün "Fərdi elektron pəncərə" elektron məlumat sisteminin istifadəyə verilməsi qeyd olunub, qeyri-kommersiya təşkilatlarının sayının 4 000-i ötməsi, KİV-lərin sayının isə 5.000-ə çatması vurğulanıb.
Tədbirdə işin səmərəliliyinin daha da artırılması, əmək və icra intizamına daim ciddi riayət olunması, yerli ədliyyə qurumlarına nəzarətin daha da gücləndirilməsi, vətəndaş məmnunluğunun yüksəldilməsinə dair tapşırıqlar verilib, bu zaman ASAN xidmətin nümunəvi fəaliyyətinin rəhbər tutulmasının zəruriliyi vurğulanıb.