"Cindar Hüseyn"in məhkəməsində zərərçəkmiş ikiqat dünya çempionu ifadə verib

"Cindar Hüseyn"in məhkəməsində zərərçəkmiş ikiqat dünya çempionu ifadə verib Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Lalə İbrahimova və oğlu Hüseyn Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hadisə
27 İyun , 2019 14:59
Cindar Hüseynin məhkəməsində zərərçəkmiş ikiqat dünya çempionu ifadə verib

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Lalə İbrahimova və oğlu Hüseyn Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən zərərçəkmiş qismində Röya Səfərov dindirilib.

Karate Federasiyasında 18-20 yaşlardan ibarət yığma komandada baş məşqçi işlədiyini deyən zərərçəkmiş iki dəfə dünya çempionu olduğunu bildirib.

O qeyd edib ki, təqsirləndirilən şəxsləri Rübabə Ağayevaya görə tanıyıb.

"Rübabə xanım mənə ana əvəzidir. O, bir gün zəng edib məni evə çağırdı ki, caduya baxanlar gələcək, evdə tək olmaq istəmir. Mən də gələndə bunları gördüm. Evi axtarır, həyəti qazırdılar. Nəsə bükümlər tapmışdılar".

R.Səfərov deyib ki, o, ailəsindən ayrılıb və barışmağa cəhd etsə də, alınmayıb: "Rübabə xanım bunlara mənim ailəmdə də problem olduğunu deyib, onlar da cadu edildiyini dedilər. Mən də inandım".

Ana-oğul qızıllarda qurd yağı olduğunu deyərək ondan 30 min manatlıq qızıl, ardınca isə 7 min manat nağd pul alıblar.

"Xərçəng xəstəsi olan nənəmi sağaldacağını da vəd etdi. Dedim sən hər şeyi həll et, alınsa, maşını satıb verəcəyəm. Ondan sonra bir daha Hüseyni görmədim. Bu hadisədən bir müddət sonra eşitdim ki, Rübabə xanım da ondakı 30 min manatlıq qızıllarımı “caduları təmizləmək” üçün Hüseynə verib”, - R.Səfərov deyib.

Rübabə Ağayeva da deyib ki, ana və oğlu ondan qızılları qurd yağından təmizləmək, nağd pulu isə ceyran göbəyi almaq üçün alıb: "Qızılları təmizləyəcəkdi. Cadunu pozmaq üçün də ceyran göbəyi alacaqdı".

R.Səfərov ifadəsinin sonunda növbəti dəfə məhkəməyə gəlmək istəmədiyini deyib: "Beynəlxalq yarışa hazırlaşıram, indi də məşqdə olmalıyam".

Proses iyulun 1-də davam edəcək.

Qeyd edək ki, "Cindar Hüseyn” ləqəbi ilə tanınan falçı H.Əlizadə və onun anası L.İbrahimova dələduzluq etdiklərinə görə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Onlara qarşı irəli sürülən ittihama görə, H.Əlizadə anası ilə birlikdə təkcə zərərçəkmiş Rübabə Ağayevadan külli miqdarda pul və qızıl-zinət əşyalarını fırıldaq yolu ilə ələ keçirib.

R.Ağayeva bildirib ki, o, "Cindar Hüseyn”ə, ümumilikdə, 300 min manata yaxın pul - 57 000 ABŞ dolları, 15 000 Böyük Britaniya funt sterlinqi, 47 000 manat və 55 000 manat dəyərində 600 qram qızıl və zinət əşyaları verib.

Məlumata görə, pulları Ağayevlər ailəsindən cinlərə qonaqlıq vermək adı ilə alan H.Əlizadə və anasının cinayət işi Binəqədi Rayon Prokurorluğunda araşdırıldıqdan sonra Bakı Şəhər Baş Polis İdarəsinə göndərilib.

Cinayət işində 13 zərərçəkmiş var.

Son xəbərlər

Orphus sistemi