"Zirə"nin qapıçısı: "Klubumuz Təmkin Xəlilzadənin gedişindən uduzmadı, əksinə, qazandı" - MÜSAHİBƏ

"Zirə"nin qapıçısı: "Klubumuz Təmkin Xəlilzadənin gedişindən uduzmadı, əksinə, qazandı" - MÜSAHİBƏ "Xaricdən təklif olsa, düşünərəm"
Futbol
29 Yanvar , 2018 11:59
Zirənin qapıçısı: Klubumuz Təmkin Xəlilzadənin gedişindən uduzmadı, əksinə, qazandı - MÜSAHİBƏ

Antalya. 29 yanvar. REPORT.AZ / “Zirə” futbol komandasının qapıçısı və kapitanı Kamal Bayramovun “Report”un Türkiyənin Antalya bölgəsinə ezam olunmuş əməkdaşına müsahibəsi

- Təlim-məşq toplanışı necə gedir?

- Bütün klublar kimi, bizim də ilk hazırlığımız Bakıda başladı. Paytaxtdakı toplanış çərçivəsində əvəzedici heyətimizlə və “Keşlə” ilə yoxlama görüşü keçirdik. Şübhəsiz ki, əvəzedici komanda bizdən zəifdir. “Keşlə” isə bizimlə eyni gücdədir. Həmin vaxt yüklənməmiz var idi. Yəni, yoğrunluq öz sözünü dedi. Hər hissədə fərqli heyətlərlə oynadıq və 1:2 hesabı ilə uduzduq. Buna baxmayaraq, hər şey yaxşı oldu. İndi isə hazırlığımızın ikinci hissəsini Antalyada keçiririk. Hər şey yolunda gedir. Düzdür, yorğunçuluq var. Komanda iki gün öncəki Rumıniya “Voluntari”sini 2:0 hesabı ilə məğlub etdiyimiz yoxlama oyununa da yorğun çıxmışdı. Məşqçimiz də bu məsələnin olduğunu bildirdi. Yoxlama oyunundakı nəticəmiz göstərir ki, doğru yoldayıq. Qarşıdakı oyunlara maksimum hazır olmalıyıq.

- “Zirə”nin bu mövsüm üçün məqsədi nədir?

- Hər il olduğu kimi, bu mövsüm də məqsədimiz var: hər oyuna qələbə istəyi ilə çıxmaq və məğlubiyyət barədə düşünməmək. Bunu edə bilsək, nəticə də olacaq. Məqsədimiz nizam-intizamlı, gələcəyin komandasını qurmaqdır. Biz indi çıxıb desək ki, çempion olacağıq və ya kuboku götürəcəyik, bu, doğru olmaz. Gündən-günə inkişaf etmək istəyirik.

- Hazırda Antalyada “Sumqayıt”la eyni oteldə qalırsınız və onların yoxlama oyunlarını izləyirsiniz. Fasilədən sonrakı ilk oyununuzu məhz “Sumqayıt”a qarşı keçirəcəyinizi nəzərə alsaq, rəqibi necə dəyərləndirirsiniz?

- “Sumqayıt” ən potensiallı komandalardan biridir. Burada tək “Sumqayıt” yox, bütün komandalarla oyunlar üçün hazırlaşırıq. “Sumqayıt”la oyun ərəfəsində bu komandanı analiz edəcəyik, matçlarını izləyəcəyik. Bu gün ancaq hazırlıq mərhələsi haqqında düşünürük.

- Kapitan olaraq, komandanın yeni transferləri barədə nə deyə bilərsiniz?

- Tellur Mütəllimov bizə yad futbolçu deyil, “Zirə” yarananda komandamızda olub. Onun zədəsi olub, bir qədər əziyyət çəkirdi. Amma hazırda formasını bərpa edib, özünü yaxşı hiss edir. Yəqin ki, çempionata qədər tam bərpa olacaq. Digər transferimiz Elşən Abdullayevdir ki, o, çox istedadlı futbolçudur. Məşqçilərimizin ona böyük ümidləri var. Məşqçilərimiz komandamıza uyğun olan futbolçularla güclənməyimizi istəyirlər. Düşünürəm ki, bu futbolçuların komandamıza xeyri olacaq.

- Təmkin Xəlilzadənin “Qəbələ”yə gedişi bir qədər gözlənilməz oldu. Düzdür, komanda bir futbolçudan ibarət olmasa da, o, vacib oyunçulardan biri idi. Onun gedişindən sonra komandanızın zəifləyəcəyini düşünürsünüzmü?

- Bu məsələyə peşəkarcasına yanaşıram. Bu, rəhbərliyin və məşqçilərin verdiyi qərardır. Klubumuz uduzmadı, əksinə, qazanclı oldu. Həmçinin də Qabriel Mateyin gedişi “Zirə”yə xeyir verdi. Yəqin ki, yaxın günlərdə komandamıza yeni futbolçular cəlb olunacaq.

- Hazırda ən təcrübəli qapıçılardan birisiniz və davamlı olaraq oynayırsınız. Maraqlıdır, millidən təklif gözləyirdininizmi?

- Milli komandada oynamaq hər bir futbolçunun, hər bir vətəndaşın borcudur. Zəif futbolçu da yığma haqqında düşünür. Qurban Qurbanovun milli komandaya məşqçi təyin olunmasını bir futbolçu kimi biz də alqışlayırıq. İnanırıq ki, o, bundan sonra da Azərbaycan futbolu üçün çox iş görəcək. Bu gün dəvət aldım-almadım, bunun fərqi yoxdur. Əgər zərrə qədər köməyimiz dəyəcəksə, bunu etməyə hazırıq. Bu, bizim xalqımızın, millətimizin komandasıdır. Qurban müəllimə heç bir etirazım yoxdur. Çünki onun öz ideyaları var və qurduğu planlarla özünü təsdiq edib.

- “Zirə”nin əsas qapıçısı Anar Nəzirovla həm yaxşı dostluğunuz, həm də yaxşı rəqabətiniz olub. Hazırda zədəsini sağaldıb və məşqlərə start verib. Əsas heyətdəki yerinizi itirməkdən qorxmursunuz?

- Nəzirovla 3 ildir bir yerdə çıxış edirik. Bir-birimizin yaxşılığı üçün rəqabət aparmışıq, heç vaxt büdrəmək istəməmişik. Həm yaxın dostuq, həm də yaxşı kollektivdəyik. Bu kollektivin yaranmasında rəhbərliyin, Anarın və mənim rolum olub. Anarla mənim aramda olan rəqabət komandaya ancaq xeyir verə bilər. Onun zədəsini sağaltmasını özündən çox istəyirəm. Çünki sağalmağa, oynamağa layiq insandır. İstəyimiz, amalımız ancaq komandanın uğur qazanması üçündür.

- Qapıçı üçün ən ideal dönəmdəsiniz, 32 yaşınız var. Futbol karyeranızda şəxsi məqsədləriniz nədir?

- Ən böyük hədəfim “Zirə” ilə çempion olmaqdır. Çünki heç vaxt çempion olmamışam. Gümüş medal qazanmışam, amma hər zaman hədəfim çempionluq olub. O anları yaşamaq istəyirəm. Milli komandaya düşmək istəmişəm. U-17, U-19, U-21 milli komanlarımızda oynamışam, amma əsas millidə yox. Digər məqsədim yenidən “Zirə”nin heyətində Avropa Liqasında oynamaqdır.

- “Qarabağ” və “Qəbələ”nin hegemonluq etdiyi dönəmdə “Zirə”nin çempion olması nə dərəcə realdır?

- Deməzdim ki, “Qarabağ” və “Qəbələ” hegemonluq edir, digər komandalar onların uğurlarına baxır. Hər oyuna qələbə istəyi ilə çıxsaq, nəsə edə bilərik. Oyuna qələbə üçün çıxmaq təkcə soyunub-geyinmə otağından başlamır. Qələbə qazanmaq istəyirsənsə, tribunadan oturan futbolçun da sənin qələbəni istəməlidir. Ondan sonra “Qarabağ” və “Qəbələ” sənin hədəfin qarşısında tab gətirə bilməz. Biz meydana çıxdığımız vaxt heyətdən kənarda olan oyunçular da soyunub-geyinmə otağında olurlar. Bu gün “Qarabağ” və “Qəbələ” bzidən maliyyə baxımından üstün ola bilər. Amma o demək deyil ki, onları məğlub etmək mümkün deyil.

- Karyeranız ərzində çıxış etdiyiniz ən yaxşı komanda hansıdır?

- Karyeramı vərəqləsək, ən yaxşı komandanın “Zirə” olduğunu deyərdim. “Neftçi”, “Muğan”, “Rəvan”, “Xəzər Lənkəran”, AZAL, “Turan” və “Araz Naxçıvan”da çıxış etmişəm. Üş ildir “Zirə”dəyəm və özümü çox yaxşı hiss edirəm. Komandada hər şey qaydasındadır. Bu stabillik hər bir komandada qorunsa, yaxşı olar.

-Bəs, ən pis komandan hansı olub?

-Yox, elə bir komanda yoxdur.

- Səhv etmiriksə, “Rəvan”da probleminiz olmuşdu...

- Futbolda inciklik olur. İndi həmin insanlarla salamlaşırıq. “Rəvan”da oynayanda Türkiyədən təklif almışdım, xaricdə oynamaq istəyirdim. Amma icazə vermədilər. Problemlərə baxmayaraq, həmin insanlarla münasibətim yaxşıdır. Hər şeyi futbola yönəldib, düşmənçilik etmək düzgün deyil.

- Hər halda futbola yenidən dönməyində onların da müəyyən rolu olub...

- Bəli, hərbi xidmətdən sonra futbola ara verdim. Artıq 5 ilə yaxın idi ki, oynamırdım. Bir gün eşitdim ki, “Muğan” qapıçıları sınayır. Adi geyimdə getdim. Matçın sonuna 15 dəqiqə qalmış meydana buraxdılar. Taleyin işidir, qapımıza 2 penalti təyin etdilər, ikisin də qaytardım. Sonra baş məşqçi Vladislav Qədriov dedi ki, bu adama forma, geyim dəsti verin. Beləliklə yenidən futbola dönmüş oldum.

- Bundan sonra xaricdə oynamaq barədə düşünürsünüz?

- Xaricdən təklif olsa, düşünərəm. Qapıçı üçün 32 yaşın çox olduğunu fikirləşmirəm. Fiziki və psixoloji cəhətdən özümü çox yaxşı hiss edirəm. Hələ ki, karyeramı bitirmək barədə düşünmürəm. Məşqlərdə də bütün tapşırıqları gənclərdən tez yerinə yetirirəm (gülür). Gündən-günə özümü daha yaxşı hiss edirəm.

- Azərbaycanlı futbolçular xaricdə davam gətirə bilmirlər. Bunun səbəbi nədir?

- Hər şey futbolçunun getdiyi klubdan asılıdır. Əgər klubun potensialı, futbolçuya yanaşması düzgün olsa, oradan heç kim qayıtmaz. Yəqin çatışmazlıq olur ki, futbolçu qayıtmaq istəyir. Bundan başqa, futbolçu da doğru olmalı, öz üzərində çalışmalıdır. Ola bilər ki, gedən futbolçunun da problemləri var. Çoxu gedəndə ailəsin aparmaq istəmir və ya aparır, üz tutduqları ölkəyə uyğunlaşa bilmirlər. Bunlar hamısı səbəblərdir. Məsələn, mən Rumıniya klubunda oynana bilmərəm. Çünki oranın atmosferi, yaşayış tərzi, mühiti mənim ailəmə uyğun deyil. Lakin Türkiyədə oynaya bilərəm. Türkiyə bizə daha uyğun ölkədi və burada oynamaq mənə çətin olmaz.

- İllərdir ki, “Qəbələ” və “Qarabağ”ın qapısını əcnəbilər qoruyur. Doğrudanmı, Azərbaycanda bu klublarda oyanaya biləcək yerli qapıçı yoxdur?

- “Qarabağ” və “Qəbələ” uzun müddətdi avrokuboklarda mübarizə aparırlar. İbrahim Şehiç “Qarabağ”da uğurlu çıxış edir və həqiqətən təcrübəsi çatır ki, elə yüksək səviyyəli oyunları öz üzərinə götürsün. Birdən-birə Şahrudin Məhəmmədəliyevi yüksək səviyyəli oyunlarda meydana buraxmaq olmaz. İndiki futbolda cəmi bir səhv gənc oyunçunu “yandırır”. Amma potensiallı uşaqlarımız var. Bir ara susqunluq olsa da, indi qapıçılar yetişir. Bu gün yetişən qapıçılar gələcəkdə Azərbaycanda adlarından söz etdirə biləcəklər. Ümumiyyətlə, yüksək səviyyəli oyunçular yetişdirmək istəyiriksə, uşaq futboluna diqqət yetirməliyik. İndiki futbolçular ancaq sosial şəbəkələrlə məşğul olurlar. Elə futbolçu tanıyıram ki, məşqdən çıxan kimi telefonla oynamağa başlayır. Gənc futbolçuların ən pis cəhəti odur ki, sosial şəbəkədən, gecə həyatından asılı olurlar. Futbolçu gecə yatmadı, istirahət etmədisə, tezliklə “sönəcək”. Bunlar hamısı önəmlidir.

Son xəbərlər

Orphus sistemi