"Zirə"nin futbolçusu: "Məqsədimiz ən azı Avropa Liqasına vəsiqə qazanmaqdır" - MÜSAHİBƏ

"Zirə"nin futbolçusu: "Məqsədimiz ən azı Avropa Liqasına vəsiqə qazanmaqdır" - MÜSAHİBƏ "Ötən il zəif komandalar bilinirdi"
Futbol
29 Sentyabr , 2016 13:18
Zirənin futbolçusu: Məqsədimiz ən azı Avropa Liqasına vəsiqə qazanmaqdır - MÜSAHİBƏ

Bakı. 29 sentyabr. REPORT.AZ/ "Zirə" klubunun futbolçusu Nurlan Novruzovun "Report"a müsahibəsi:

- Ardıcıl 3 turdur məğlub olursunuz və turnir cədvəlindəki mövqeyiniz ürəkaçan deyil. Bununla bağlı nə düşünürsünüz?

- "Qəbələ" ilə oyuna da qələbə üçün çıxmışdıq. Çempionat təzə başlasa da, turnir cədvəlində mövqeyimiz yaxşı deyil. Qələbə qazana bilmədik. Ancaq "Qəbələ" ilə oyuna yaxşı başlamışdıq. Sadəcə rəqib əlinə düşən imkanlardan yararlandı. Biri var ki, oynamayıb uduzasan. Amma son oyunda bəxtimiz gətirmədi.

- Bəxt gətirmədi deyəndə, komanda hücum qurur, amma qol vura bilmir. Sizcə, çatışmazlıq nədir?

- "Qəbələ" ilə oyun yeni başlayanda Gerhard Proqnidə imkan oldu, mənim vurduğum top dirəkdən qayıtdı. Yəni, bəxtimiz gətirmədi. Son nöqtəni qoya bilmədik.

- Bəlkə təcrübəsizlik öz sözünü deyir?

- Məqamlar var. Məsələn, top dirəkdən dönürsə, demək, bəxtin gətirmir. Bəlkə həmin zərbə qol olsa, "Qəbələ"yə qarşı tam fərqli oynayardıq.

- İlk dövrənin son oyunu səfərdə "İnter"ə qarşı olacaq. Rəqib hazırda 2-ci pillədə qərarlaşıb. Ötənilki uğurlu nəticədən sonra ilk dövrəni aşağı pillədə başa vurmaq necə hissdir?

- Açığı, komandada ruh düşkünlüyü yoxdur. Çünki "İnter"lə səfər oyununda bizi ancaq üç xal qane edir. Düzdür, rəqib güclü komandadır və ardıcıl qələbələr qazanır. Amma səfərə qələbə üçün gedəcəyik.

- 6 turdan sonra ilk "3-lük"lə ən yaxın izləyiciləri arasında 6 xallıq fərq yaranıb. Bunu aradan qaldırmaq çətin olmayacaq?

- Hələ birinci dövrədir. Əsasən ikinci dövrədən sonra çox şey məlum olur. Yol uzundur. Komandaların sayı azdır deyə eyni rəqiblərlə daha çox oynayırıq. Bu səbəbdən, rəqiblərimizdən üç xal alıb fərqi aradan qaldırmalıyıq.

- Çempionluq mübarizəsinin "Qəbələ", "İnter" və "Qarabağ" komandaları arasında gedəcəyi fikri ilə razısınız?

- Hazırkı vəziyyətdə belə görünür. Amma inanın ki, hər şey fərqli olacaq. "Zirə" ilk "3-lük", ən azı Avropa Liqasına vəsiqə üçün mübarizə aparır. Bunun üçün əlimizdən gələni edəcəyik ki, xal fərqini aradan götürək.

- Ötənilki "Zirə" ilə indiki "Zirə"nin fərqi nədir?

- Ötən il çempionata yaxşı başlamışdıq. Həmin mövsümdə 10 komanda olsa da, zəiflər bilinirdi. Yəni, bilirdin ki, bu oyundan 3 xal qazanmaq olar. İndi turnir cədvəlində ilk baxışdan AZAL-ın zəif olduğu gözə çarpır. Ancaq görürsən ki, elə deyil və AZAL futbol oynayır, mübarizə aparır.

- Ötən il uğur qazandınız, amma Avropa Liqasına gedə bilmədiniz. Bu il də eyni hal təkrarlansa, komandada ruh düşkünlüyü olmayacaq?

- Elə deməzdim. Bilirsiniz, bu nəticəni qazanmalıyıq. Biz medal əldə etməliyik. Artıq qalan məsələlər rəhbərliyə aid olan işlərdir. Peşəkar futbolçularıq və işimiz meydanda qələbə qazanmaqdır.

Son xəbərlər

Orphus sistemi