"Zirə"nin fəxri prezidenti: "Nəticədən asılı olaraq növbəti mövsüm üçün müzakirə aparacağıq"

"Zirə"nin fəxri prezidenti: "Nəticədən asılı olaraq növbəti mövsüm üçün müzakirə aparacağıq" Bakı. 20 may. REPORT.AZ/ Zirə klubunun fəxri prezidenti Orxan Məmmədov səfərdə Sumqayıtı 2:1 hesabı ilə yenərək, 4-cü yeri tutduqları Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra brifinq keçirib.
Futbol
20 May , 2018 20:11
Zirənin fəxri prezidenti: Nəticədən asılı olaraq növbəti mövsüm üçün müzakirə aparacağıq

Bakı. 20 may. REPORT.AZ/ "Zirə" klubunun fəxri prezidenti Orxan Məmmədov səfərdə "Sumqayıt"ı 2:1 hesabı ilə yenərək, 4-cü yeri tutduqları Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra brifinq keçirib. 

Gənc klub rəsmisi "Report"un da suallarını cavablandırıb:

- Biz rəhbərlik olaraq axıra kimi komandamızın arxasında durmuşuq. İnanırdıq. İkinci dövrə bizim üçün çox çətin başladı. Gözlənilməyən nəticələr oldu. Amma futbolçular sona kimi vuruşdular. Axıra yaxın çevriliş edə biləcəyimizə şübhəm yox idi. Hər şey bizim əlimizdə deyil. İnanırıq ki, kubokun finalında şad xəbər eşidəcəyik. Komanda Avropa Liqasına və hədəflərimə çatacaq.

- Komanda uzun müddət büdrədi. Baş məşqçiyə isə etimad göstərməyə davam etdiniz. Qəbələdən şad xəbər gəlməsə, Ayxan Abbasovla davam edəcəksiniz?

- Əlbəttə. Futbol çətin oyundur. Həmişə hədəfə doğru gedəndə gözlənilməz nəticələr olur. Biz isə rəhbərlik olaraq məşqçinin arxasındaydıq. Ona inanırıq. Şəxsən mən özüm inanıram. Nəticədən asılı olaraq növbəti mövsüm üçün müzakirə aparacağıq.

- Qışdan sonrakı uğursuzluqla bağlı komandada zədəli, cəzalı futbolçular oldu. Transferlərə də ehtiyac var idi. Növbəti mövsüm üçün transferlər barədə nə düşünmüsünüz?

- Düzgün vurğuladınız. Qış fasiləsindən sonra komandada çoxlu zədəli və cəzalı futbolçular oldu. Bu isə bizim nəticələrə öz təsirini göstərdi. Ehtiyat oyunçular skamyasında az futbolçu var. Biz Avropa Liqasına vəsiqə qazanası olsaq, transfer məsələsinə baxılacaq. Heyətimiz güclənməyə doğru gedəcək.

- Qəbələdə "Keşlə" qalib gəlsə, bugünkü sevinc ürəyinizdə qalmış kimi olacaq. Bu komanda üçün bir zərbə ola bilərmi?

- 11 oyun yaxşı nəticə əldə edə bilmirdik. Həmin oyunlardan sonra çevriliş eləmək uğurdur. Ona görə mən inanmıram ki, bizim sevincimizə nəsə mane ola bilər. Ötən il olduğu kimi Avropa Liqasında oynamaq istəyirik. Bizim sevincimizi heç bir şey pozmayacaq.

- Rəhbərlik olaraq baş məşqçi ilə görüşünüz kubok oyunundan sonra bəlli olacaq?

- Kubok oyunundan sonra qərar verəcəyik.

- "Zirə" klubunun imic baxımından dəyişiklik layihələri varmı?

- Bəli, bəzi layihələrimiz var. Bizim futbolumuz irəliləməyə doğru gedir. Ölkə rəhbərliyinin siyasəti futbolun inkişafına təkandır. Biz də "Zirə" olaraq buna öz töhfəmizi vermək istəyirik.

- Kubokun finalı üçün Qəbələyə gələcəksiniz?

- Bəli, elə bir fikrimiz var.

Son xəbərlər

Orphus sistemi