Yuxarı

"Zirə"nin baş məşqçisi: "Bizi deyirlər"

"Zirə"nin baş məşqçisi: "Söyməsəydi, hakim qırmızı vərəqə verməzdi"

"Mövsümün ikinci yarısına yaxşı başlamışdıq. Sonrakı iki görüşdəki məğlubiyyət ağırdır. Amma yenə də mübarizə aparmaq üçün yaxşı şanslarımız var".

Bu fikirləri "Report"a açıqlamasında "Zirə"nin baş məşqçisi Zaur Həşimov deyib. 39 yaşlı mütəxəssis qəsəbə təmsilçisinin qış transfer dönəmində heyətinə çox futbolçu qatmasına, buna baxmayaraq yaxşı nəticələr əldə edə bilməməsinə də münasibət bildirib: "Bunu da çox şirirdirlər. Başqa klublar da var ki, onlar da heyətlərinə bizim qədər - 4 və ya 5 oyunçu cəlb ediblər. Ancaq niyə təkcə bizim adımızı çəkirlər, bilmirəm. Hər dəfə niyə bizi deyirlər, bilmirəm. Təkcə bizi deyirlər".

Həşimov komandadakı müdafiəçilərin çıxışı barədə də söz açıb: "Sumqayıt"a 1:2 hesabı ilə uduzduğumuz oyundan sonra da dedim ki, bizim haqqımızda çox danışırlar. Çox qol buraxmağımız məni narahat edir. Bunların hamısının üzərində işləyirik və çalışırıq ki, səhvlərimizi düzəldək".

Gənc baş məşqçi Azərbaycan Premyer Liqasının XVII turunda "Qarabağ"a 0:6 hesabı ilə uduzduqları görüşdən də danışıb. O, ötən tur oyununda heyətin kasad olduğunu bildirib: "Qapıçı Orxan Sadıqlı ilk hissədə artıq 4 top buraxmışdı, amma onu əvəzləmək mümkün deyildi. Çünki "Qarabağ"la oyunun sifariş ərizəsində yerli oyunçular az idi. Ehtiyat oyunçular skamyasında 2 legioner, 3 gənc futbolçu var idi".

Gənc mütəxəssis Ağdam təmsilçisi ilə görüşdə rumıniya müdafiəçi Adrian Skarlatakeyə ikinci yarıda şans verməsinə də toxunub: "Oynayan futbolçuların hamısının təcrübəsi var idi. Sadəcə, bayaq da qeyd etdim: Müəyyən planlar da var idi. Skarlatakeni təkcə sonuncu müdafiəçi yox, dayaq yarımmüdafiəçisi kimi də fikirləşirik. Onu saxlamışdıq ki, lazım olsa, istifadə edək. Lazım oldu və George Antonun yerinə meydana daxil etdik". 

Baş məşqçi kapitan Cavid Hüseynovun "Qarabağ"la matçda qırmızı vərəqə almasına da münasibət bildirib. Həşimov yarımmüdafiəçinin baş hakim Rəhim Həsənova qarşı qeyri-etik ifadələr işlətdiyini təsdiqləyib: "Haqlı vərəqə idi. Heç bir futbolçuya rəvac verilə bilməz ki, nəinki hakimi, ümumiyyətlə söyüş söysün. Söyməsəydi, referi qırmızı vərəqə verməzdi. Klubun futbolçuya cəza verməsi ilə bağlı suallar tez-tez verilir. Oyunçu nizam-intizam qaydalarını pozursa, onun haqqında tədbirlər görülür. Klub daxilində nə lazımdırsa, edirik. Amma sadəcə, bu barədə mətbuata açıqlama vermirik".

Həşimov XVIII turda səfərdə qarşılaşacaqları "Keşlə" ilə oyun barədə də danışıb: "Bütün matçlara yaxşı nəticə üçün çıxırıq. "Keşlə" ilə görüşdə də mübarizə aparacağıq. Həmin oyuna hazırlaşırıq. Heyətimizdə müəyyən problemlər mövcuddur. Yerli oyunçulardan cəzalıları var. Ona görə də çox dəyişiklik edə bilməyəcəyik. Amma iki oyundakı uğursuzluğa əsasən bir neçə dəyişiklik gözlənilir".

Qeyd edək ki, "Keşlə" ilə matçda Ağabala Ramazanov və Cavid Hüseynov cəza, Şafik Tiqruca isə zədə üzündən oynamayacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi