"Zirə"nin baş məşqçisi: "Qələbə qazana bilməyəndə futbolçular arasında kritik vəziyyət yaranır"

"Zirə"nin baş məşqçisi: "Qələbə qazana bilməyəndə futbolçular arasında kritik vəziyyət yaranır" Adil Şükürov: "Rəhbərlikdən mənə təzyiq yoxdur"
Futbol
30 Sentyabr , 2016 17:29
Zirənin baş məşqçisi: Qələbə qazana bilməyəndə futbolçular arasında kritik vəziyyət yaranır

Bakı. 30 sentyabr. REPORT.AZ/ "İlk növbədə, bizi dəstəkləyən insanlara, azarkeşlərə təşəkkür edirəm. Komandama isə ikinci hissədə sərgilədikləri oyuna görə minnətdaram. Bizim üçün kritik vəziyyət idi. Mütləq qalib gəlməli idik. İlk hissədə rəqib, ikinci hissədə biz yaxşı oynadıq". 

"Report"un məlumatına görə, bunu "Zirə" futbol komandasının baş məşqçisi Adil Şükürov Bakı "İnter"i ilə səfərdə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının VII tur matçından sonra mətbuat konfransında deyib. 

Gənc mütəxəssis komandadakı çatışmazlıqlardan danışıb: "Hazırda hücum xəttində problemlərimiz var. Çalışacağıq ki, fasilədə bu çatışmazlığı aradan qaldıraq. Futbol hisslərlə oynanılır. Buna görə də futbolçular arasında anlaşılmazlıq halları olur. Ancaq olmamalı idi. Komandamız öz potensialını tam göstərə bilmir. Göstərdiyimiz futbola baxanda görürük ki, heç bir komandadan zəif deyilik. Sadəcə, oyun üslübumuzu dəyişdiyimizdən, bir qədər çətindir. Gələn oyunlarda vəziyyətin düzələcəyinə ümid edirəm. Məncə, çempionatdakı fasilə bizim xeyrimizə olacaq. Çalışacağıq ki, heyətdə olan çatışmazlıqları həll edək".

A.Şükürov rəhbərlikdən ona təzyiqin olmadığını, sadəcə, kritik vəziyyətin futbolçular arasında mövcudluğunu etiraf edib. Onun sözlərinə görə, belə vəziyyət xal qazana bilməyəndə futbolçular arasında yaranır: "Murad Səttarlı hələ tam hazır deyil. Bu gün ilk hissədə zəif təsir bağışladığına görə, onu Aleksandr Şemonayevlə əvəzlədim. Belə olduğu halda, Təmkin Xəlilzadəni müdafiədən yarımmüdafiə xəttinə çəkdim. Futbolçularda eniş dövrü olur. Ümid edirəm ki, tezliklə bərpa prosesi baş verəcək".

Son xəbərlər

Orphus sistemi