Yuxarı

"Zirə" klubunun baş məşqçisi: "Jurnalistlərdən elə bu gün üzr istəyə bilərəm" - MÜSAHİBƏ

Rəşad Sadıqovun komandaya heç bir təsiri yoxdur

Bakı. 21 sentyabr. REPORT.AZ/ "Zirə" futbol klubunun baş məşqçisi Adil Şükürovun "Report"a müsahibəsi

- Azərbaycan Premyer Liqasının V turunda "Qarabağ"a 0:2 hesabı ilə uduzdunuz. Beş oyunda 3 məğlubiyyət almısınız. Komandanızın problemi nədir?

- Əslində, ciddi problem yoxdur. Sadəcə, futbolçularımızın bəzilərində inamsızlıq yaranıb və bunu da aradan qaldırmalıyıq. Bundan sonra komandamız öz qələbə seriyasını davam etdirəcək. Bu gün istəyimiz odur ki, ardıcıl iki məğlubiyyətdən sonra bizə lazım olan nəticə qazanaq və işimizi davam etdirək. Komandanı toparlayıb növbəti turda keçiriləcək "Qəbələ" ilə oyuna hazırlaşmalıyıq. Həmin oyunda lazım olan qələbəni qazanmalıyıq.

- Heyətlə bağlı nə planlarınız var? Yasin Həmid, Nurlan Novruzov və Murad Səttarlı ilə hücum xətti o qədər də güclənməyib. Onlar üst-üstə bəlkə də heç ötən mövsümdəki bombardiriniz Nelson Bonilya səviyyəsində deyil. Bəlkə elə 5 oyundan cəmi 2-də qol vura bilməyinizin səbəbi budur?

- Ümumiyyətlə, futbolçuları komandaya götürəndə onların hansısa qabiliyyəti, bacarığını nəzərə alırıq. İnanıram ki, gələcək oyunlarda adlarını çəkdiyiniz futbolçuların hər biri özünü göstərəcək və komandaya xeyir verəcək. Onlar da çalışırlar ki, bu problemi aradan qaldırsınlar.

- Bonilyanın "Zirə"dən getməsini ciddi itki hesab edirsiniz?

- Bu gün hər bir futbolçunun komandadan getməsi itkidir. Çatışmazlıqlar olur. Bəziləri öz istəyi ilə getdi, bəziləri ilə biz yolumuzu ayırdıq. Gedən futbolçuların hamısı yaxşı, dəyərli futbolçulardır.

- Qş transfer pəncərəsində xüsusən hücum xəttini gücləndirməyi düşünürsünüz?

- Hər an hər bir komandaya dəyişiklik lazımdır. Biz də qış fasiləsində hücum xəttində, mərkəzdə dəyişikliklər etməyi planlaşdırırıq. Çalışacağıq ki, yeni futbolçular cəlb edək və əsas heyətə düşmək uğrunda ciddi və sağlam rəqabət olsun.

- "Qarabağ"ın futbolçusu Rəşad Sadıqovun "Zirə" ilə yaxşı münasibəti var və komandaya köməklik edir. Sadıqovun bu köməkliyinin sizin işinizə hər hansı təsiri var?

- Belə bir söz deyim: Rəşad bu gün futbolçudur. Futbolçu olaraq da klub rəhbərliyi ilə münasibətləri var. Bizim də klub olaraq münasibətimiz var. Ancaq o dərəcədə deyil ki, hansısa məsləhətlər versin, oturub söhbət edək. Biz onu futbolçu kimi, "Qarabağ"ın və milli komandanın kapitanı kimi tanıyırıq. Onun bizim Premyer Liqada çıxış edən komandamıza hər hansı bir təsiri və ya sözü olsun, belə bir şey yoxdur.

- Belə deyək, kapitanın klub rəhbərliyi ilə olan münasibəti sizin işinizə təsir göstərir?

- Qətiyyən!

- Artıq ikinci mövsümdür ki, "Zirə" "Qarabağ"la oyunlarda məğlub olur. Beş oyunda yalnız bir dəfə heç-heçə qeydə alınıb və 4 oyunda "Qarabağ" qalib gəlib. Bu da müəyyən söz-söhbətlərə, "Zirə"nin "Qarabağ"ın farm-klubuna çevrilmə həddinə çatdığına dair şayiələrə səbəb olub...

- Bu cür fikirlərin haradan çıxması mənə maraqlıdır. Ümumiyyətlə, münaisbət ola bilər, amma futbolda idman prinsipləri var. Heç bir münasibət də bu prinsiplərin önünə keçə bilməz. İkincisi, qarşımıza çıxan bütün komandalara üç xal kimi baxırıq. Bu prinsipi indiyədək saxlamışıq və bundan sonra da qorumağa çalışacağıq. Bizim üçün "Qarabağ", "Qəbələ", "İnter", "Sumqayıt" və ya başqasının fərqi yoxdur. Premyer Liqada olan komandaların hər biri bizim rəqibimizdir. Hər bir rəqiblə oyunda da qələbə, 3 xal qazanmağı düşünürük. Alınır-alınmır, o başqa məsələdir. Bu gün "Qarabağ" Azərbaycanın ən güclü komandasıdır.

- "Qarabağ"la son oyundan sonra mətbuat konfransına gecikməyinizin səbəbi nə idi?

- Bilirsiniz, komanda uduzanda futbolçularla danışmaq, söhbət etmək lazımdır. Həmin oyundan sonra da söhbətimiz bir az uzun çəkdi. Paltardəyişmə otağında söhbətimiz oldu. Ondan sonra stadionun mətbuat konfransı olan otağı ilə üzbəüz otaqda oturmuşduq. Bir dəfə gəldilər çağırdılar. Sadəcə, məşqçilərlə də məşvərət etdiyimiz üçün bir az gec alındı. Bilirsiniz ki, bizdə mətbuata qarşı soyuq münasibət olmayıb. İstər mən və ya komanda, istərsə də klubumuz tərəfindən belə hal baş verməyib. Hansısa mətbuat işçisinə qarşı soyuq münasibətimiz olsa, bunu əvvəlcədən görərsiniz. Hər kəsə hörmətlə yanaşmışıq və bundan sonra da belə olacaq. 

- Məşqçilərinizlə nəyi məşvərət edirdiniz?

- UEFA-nın Pro kateqoriyalı məşqçi kursunda oxuyanda orada bununla bağlı məsələlər var idi. Belə bir şey qeyd olunmuşdu ki, komanda uduzursa, məşqçilərin həmin dəqiqə açıqlama verməsi düzgün sayılmır. Bir az soyuqqanlı olmaq və köməkçilərlə məsləhətləşdikdən sonra açıqlama vermək yaxşıdır. Bizdə də sırf bu məsələ idi. Açığı, bunun belə bir hal alacağını heç gözləmirdim. Özüm də belə olmasını istəməzdim. Hamımız azərbaycanlıyıq. Hansısa həmkarınızın xətrinə dəymişəmsə, həmin jurnalistdən elə bu gün üzr istəyə bilərəm. 

- İntizam Komitəsi həmin hadisəyə görə sizə xəbərdarlıq etdi...

- Bunu təbii qarşılamaq lazımdır. Çünki İntizam Komitəsi də öz işini görüb.

- Qurban Qurbanov həmin anda sizi gözləyirdi ki, konfransınız başa çatsın, sonra özü gəlsin. Amma sizin hələ də mətbuat konfransına getmədiyinizi eşidəndə sanki narazı ifadə aldı...

- Qaydalarda ev sahibi və ya qonaq komandanın baş məşqçisinin mətbuat konfransına daha erkən gəlməli olduğuna dair bənd yoxdur. Fikirləşmirəm ki, Qurban müəllim belə hadisələrdən narazı olsun.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi