"İnter"in baş məşqçisi: "Təki bundan sonra da "Qarabağ" və "Qəbələ"yə uduzmayaq" - MÜSAHİBƏ

"İnter"in baş məşqçisi: "Təki bundan sonra da "Qarabağ" və "Qəbələ"yə uduzmayaq" - MÜSAHİBƏ "Məqsəd bürünc medal qazanmaqdır"
Futbol
22 Fevral , 2017 15:28
İnterin baş məşqçisi: Təki bundan sonra da Qarabağ və Qəbələyə uduzmayaq - MÜSAHİBƏ

Bakı. 22 fevral. REPORT.AZ/ Bakının "İnter" futbol komandasının gürcüstanlı baş məşqçisi Zaur Svanadzenin "Report"a müsahibəsi

- "İnter" fevralın 28-də Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində "Qarabağ"ın qonağı olacaq. Həmin matça hazırlıq prosesi necə gedir?

- Qeyri-adi heç nə yoxdur. Digər komandalara qarşı necə hazırlaşmışqsa, "Qarabağ"la da elə olacaq. Bu da bir təqvim oyunudur.

- Lakin qəbul edək ki, "Qarabağ" adi komanda yox, liderlərdən biridir...

- Əlbəttə, "Qarabağ"ın statusunu nəzərə alırıq. Məsuliyyətli oyundur. Mövqeyimizi qorumaq üçün yaxşı nəticələr əldə etməliyik.

- Heyətdə zədəli futbolçu var?

- Xeyr. Ümid edirəm ki, oyuna qədər də olmayacaq. Yalnız Slavik Alxasov cəza üzündən bu görüşdə iştirak etməyəcək.

- Ölkə çempionatında növbəti iki oyununuzu "Qarabağ" və onunla eyni - 42 xala malik lider "Qəbələ"yə qaşı keçirəcəksiniz. Maraqlıdır ki, "İnter" cari çempionatda bu komandalara uduzmayıb...

- Təki bundan sonra da uduzmayaq. Həmin komandalarla görüşlərdə həqiqətən də yaxşı çıxış etmişik. "Qarabağ" çox güclü rəqibdir. Ancaq mübarizə aparırsansa, çəkinmək olmaz.

- Lakin etiraf edin ki, "İnter" artıq "gizli favorit" sayılmır...

- Razıyam. Axı, mən hələ mövsümün əvvəlində deyirdim ki, bizim iddiamız 3-cü yerədir. Məqsəd bürünc medal qazanmaqdır. Çünki çempionluq baxımından "Qəbələ" ilə "Qarabağ" daha şanslıdır. Üstəlik, qış fasiləsində "İnter"dən başqa bütün komandaların heyətlərinə yeni futbolçular qatdığını unutmayın. Biz isə 2 əsas oyunçumuzu - Ruslan Abışovla Ağabala Ramazanovu itirdik.

- "İnter"in ilk turda "Qarabağ"ı məğlub etdiyi görüşdə komandanızın hər iki qolunu Ruslan Abışov vurmuş, Ağdam klubundan isə Reynaldo fəqlənmişdi. Lakin artıq hər iki futbolçu komandalarını dəyişiblər. Hansı daha yaxşıdır: heyətdə Abışovun olması, yoxsa rəqib düşərgədə Reynaldonun yer almaması?

- Ruslan Abışov yaxşı oyunçudur. Ancaq nə etmək olar, belə alındı. İşimizi davam etdirməliyik.

- Yəqin ki, ötən tur "Qəbələ" ilə "Qarabağ"ın duelini izlədiniz?

- Yox, baxa bilməmişəm. Fevralın 18-də "Zirə" ilə oynadığımız qarşılaşmadan sonra Gürcüstana yollandım. Yolda olduğumdan, ertəsi gün Qəbələdə keçirilmiş görüşə baxa bilmədim. Amma oyunun videoyazısını izləyib təhlillər aparacağıq. 

- "İnter" "Qarabağ" və "Qəbələ" ilə oyunlardan neçə xal toplamağı hədəfləyib?

- Əsas məsələ layiqli oynamaqdır. Biz öz futbolumuzu sərgiləsək, yaxşı mübarizə aparsaq, nəticə də olacaq.

Son xəbərlər

Orphus sistemi