Zaur Ramazanov: "Şeydayev "Sabah"a yox, Rusiyanın autsayder klubuna keçməli idi" - MÜSAHİBƏ

Zaur Ramazanov: "Şeydayev "Sabah"a yox, Rusiyanın autsayder klubuna keçməli idi" - MÜSAHİBƏ Azərbaycan millisinin sabiq futbolçusu, AFFA-da aşağı yaş qrupu üzrə koordinator vəzifəsində çalışan Zaur Ramazanovun Reporta müsahibəsi...
Futbol
18 Fevral , 2020 13:56
Zaur Ramazanov: Şeydayev Sabaha yox, Rusiyanın autsayder klubuna keçməli idi - MÜSAHİBƏ
Zaur Ramazanov / google.az

Azərbaycan millisinin sabiq futbolçusu, AFFA-da aşağı yaş qrupu üzrə koordinator vəzifəsində çalışan Zaur Ramazanovun "Report"a müsahibəsi...

- Bu gün AFFA elan etdi ki, “Keşlə” klubunun futbolçusu Sezar Meza Kollinin milliləşdirilməsi nəzərdə tutulur. Bu qərar barədə nə düşünürsünüz?

- Bizim millidə hər zaman legionerlər olub. Kimlər bizə nə dərəcədə kömək edib, hamısı göz qabağındadır. Düşünürəm ki, bu gün belə bir futbolçunun milliləşdirilməsi bizə lazımdır. Çünki Azərbaycanda futbolçu qıtlığı var. Sezarın mövqeyində çıxış edən yerli futbolçularımız məsuliyyət daşımalıdırlar ki, milliyə belə bir oyunçu gəlir. Ən azından rəqabət olacaq. Baxırsan ki, millidə bir mövqedə cəmi 1 futbolçu var, ikincini ortaya çıxarmaq olmur. Olsa da, meydana çıxanda digərinin yerini doldura bilmir.

- Sizcə, Paraqvay əsilli italiyalı futbolçunun milliləşdirilməsi yığmaya xeyir verə bilər?

- Düşünürəm ki, xeyir verə bilər. Çünki texnikalı futbolçudur. Bu xüsusiyyətinə görə bizimkilərdən üstündür.

- Yığmanın hücumçusu Ramil Şeydayev ötən gün "Sabah"la müqavilə bağladı. Veteran futbolçu kimi Şeydayevin yenidən qayıdışına münasibətiniz necədir?

- Rusiyada axırıncı yerdə gedən kluba keçsəydi, onun üçün daha yaxşı olardı. Çünki oyun üslubu ora daha uyğundur. 3 il öncə Azərbaycanın ən yaxşı klubunda - "Qarabağ"da öz oyununu tapa bilmədi. Bilirsiniz ki, "Qarabağ" ancaq qısa ötürmələrə üstünlük verir. Ramil isə bunu bacarmadı. "Qarabağ"da oyunu alınmadısa, yenidən Azərbaycana qayıtmamalı idi. Onun Rusiya Premyer Liqasında keçirdiyi matçları izləmişdim. Çox yaxşı təsir bağışlayırdı. Rusiyada oynamaq üçün yaxşı fiziki göstəricilər lazımdır. Güc, “ikinci mərtəbə”də topla oynamaq bacarığı Ramildə var. Rusiyada qalacağını düşünürdüm.

- Şeydayevin xaricdən, xüsusən, Rusiya klublarından da təklifləri var idi. Sizcə, onu Azərbaycana qayıtmağa nə vadar edib?

- Yəqin, maddi məsələlərdir. Başqa nə ola bilər ki? Əslində ölkə xaricində də pis pul vermirlər. Məncə, “Sabah” daha yaxşı məbləğ təklif edib. O da üstünlüyü yerli komandaya verib.

- “Sabah”a keçidi futbolçunun karyerasına necə təsir göstərə bilər?

- Məncə, mənfi təsiri ola bilər. Çünki Azərbaycan çempionatından qabağa getmək bir az çətindir. “Sabah” yeni yaranmış komandadır. Təki, yaxşı olsun. Milliyə lazımlı futbolçudur. Amma bu addım Ramilin karyerasına mənfi təsir göstərə bilər. Fikrimcə, Şeydayevə çətin olacaq.

- Azərbaycanlı futbolçular ölkə xaricinə çıxmaqda tərəddüd edirlər. Şeydayev Rusiyada oynayırdı, qayıtdı. Qış fasiləsində qardaşınız, hazırda “Zirə”də çıxış edən Ağabala Ramazanova Moldova “Şerif”indən təklif var idi, qəbul etmədi. Bəs Ağabala niyə əcnəbi kluba getmək istəmədi?

- Ağabalanın övladı yenicə dünyaya gəlmişdi. Ona bir az bağlılığı var. Bəlkə də ən çox buna görə “Şerif”ə getmək istəmədi. Bilirsiniz də, indi uşağın ən şirin vaxtlarıdır. Mənə deyirdi ki, gedəcəyəm, fikrim ailəmin yanında qalacaq. Bu amil onu Azərbaycanda saxladı.

- Yayda ölkə xaricindən təklifi olsa, bu dəfə dəyərləndirəcək?

- Mənə elə gəlir ki, dəyərləndirməlidir. Artıq getmək vaxtıdır.

Son xəbərlər

Orphus sistemi