"Yuventus" və "Mançester Siti" Çempionlar Liqasının 1/4 final mərhələsinə çıxıb

"Yuventus" və "Mançester Siti" Çempionlar Liqasının 1/4 final mərhələsinə çıxıb Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 cavab görüşü keçirilib.
Futbol
13 Mart , 2019 01:56
Yuventus və Mançester Siti Çempionlar Liqasının 1/4 final mərhələsinə çıxıb

Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 cavab görüşü keçirilib.

"Report"un məlumatına görə, İtaliyada "Yuventus" İspaniya "Atletiko"sunu, İngiltərədə isə "Mançester Siti" Almaniya "Şalke"sini qəbul edib. Hər iki görüş meydan sahiblərinin böyük hesablı qələbələri ilə yekunlaşıb.

"Yuventus" "Atletiko"nu Kriştianu Ronaldunun 3 qolu sayəsində məğlub edib. Portuqaliyalı hücumçu sonuncu qolunu penalti ilə vurub. Bununla da Ronaldu Çempionlar Liqasında 8-ci "het-trik"ə imza atıb və bu göstəricidə İspaniya "Barselona"sının lideri Lionel Messiyə çatıb.

İlk görüşdə "Atletiko" 2:0 hesabı ilə qalib gəlsə də, İtaliya təmsilçisi cavab görüşündə daha çox top vurduğu üçün mərhələ adlayıb.

"Mançester Siti" isə hələ ilk görüşdə səfərdən qələbə ilə ayrıldığı üçün formal xarakterli cavab oyununda istəyinə asanlıqla nail olub. Bu dəfə İngiltərə təmsilçisi rəqibini 7 qolla məyus edib. İlk 2 qolu Serxio Aqüero vurub. Argentinalı hücumçu ilk qoluna penalti ilə imza atıb. Fasiləyədək Leroy Sane də fərqlənib. İkinci hissədə isə Rahim Sterlinq, Bernardu Silva, Fil Foden və Qabriel Jezus da qol vuraraq, yekun nəticəni müəyyənləşdirib.

Çempionlar Liqası

1/8 final, cavab oyunları

12 mart

24:00. "Yuventus" (İtaliya) - "Atletiko" (Madrid, İspaniya) - 3:0

Qol: Kriştianu Ronaldu, 27; 49; 86 (pen.)

Baş hakim: Byörn Kuypers (Hollandiya)

Turin. "Juventus Stadium"

İlk oyun - 0:2

4-cü dəqiqədə "Yuventus"dan Corco Kyellini qol vursa da, referi Kriştianu Ronaldunun topu "Atletiko"nun qapıçısı Yan Oblakın əlindən çıxardığını əsas gətirərək, topu hesaba almayıb.

24:00. "Mançester Siti" (İngiltərə) - "Şalke" (Almaniya) - 7:0

Qollar: Serxio Aqüero, 35 (pen.); 38. Leroy Sane, 43. Rahim Sterlinq, 57. Bernardu Silva, 71. Fil Foden, 78. Qabriel Jezus, 84

Baş hakim: Klemen Turpin (Fransa)

Mançester. "City of Manchester Stadium"

İlk oyun - 3:2

Qeyd edək ki, daha öncə Portuqaliyanın "Portu", Hollandiyanın "Ayaks", İngiltərənin "Tottenhem" və "Mançester Yunayted" komandaları 1/4 finala vəsiqə qazanıb. 1/8 final mərhələsinin cavab oyunlarına martın 13-də keçiriləcək "Barselona" (İspaniya) - "Lion" (Fransa) və "Bavariya" (Almaniya) - "Liverpul" (İngiltərə) matçları ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi