Yuxarı
    Bağlamaq

    ​Yaşar Vahabzadə: Topu elə sadə vəziyyətdə itiririk ki, öz qapımızda təhlükə yaranır

    U-21-in baş məşqçisi Atırau üzərində qələbəyə münasibət bildirib

    Bakı. 24 fevral. REPORT.AZ/ "Rəhbərliyim altındakı ilk oyunda qələbə qazanmağımız yaxşı haldır".

    Bunu "Report"un Antalyaya ezam olunmuş əməkdaşına açıqlamasında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Yaşar Vahabzadə Qazaxıstan "Atırau"sunu 2:1 hesabı ilə məğlub etdikləri yoxlama matçından sonra deyib.

    Komandasının qələbə üçün əlindən gələni etdiyini bildirən Y.Vahabzadə çatışmazlıqların olduğunu da gizlətməyib:

    "Çatışmazlıqlarımız, əsasən qol epizodları ilə bağlıdır. Topu elə sadə vəziyyətdə itiririk ki, öz qapımız qarşısında təhlükə yaranır. İlk yarıda belə epizodlar çox oldu. İkinci hissəyə futbolçular bir qədər arxayın başladılar. Bu da ondan irəli gəldi ki, bəzi futbolçuların fiziki hazırlığı o dərəcədə deyildi. Buna görə dəyişikliklər etdik, oyunun sürətini, tempini saxladıq və nəticədə qələbə qazandıq".

    Kənardan futbolçulara tez-tez tapşırıqlar verməsinə toxunan Y.Vahabzadə Qana ilə fevralın 25-də keçirəcəkləri növbəti yoxlama görüşü haqda da fikirlərini bölüşüb:

    "Mən o epizodlarda futbolçulara irad bildirirəm ki, oyunçunun fikri topda qalır, arxaya qayıtmağı və zonanı bağlamağı unudur. Elə bilir ki, o, öz zonasındadır. Əsasən buna görə irad bildirirdim. Uşaqlar sağ olsunlar ki, məni eşitdilər, verdiyim tapşırıqları yerinə yetirməyə çalışdılar. Əsasən müdafiədə yeni futbolçular var. Onlar bir-birləri ilə az oynayıblar. Qana ilə matça gəlincə, bizim üçün bütün oyunlar ciddi sınaqdır. Çalışacağıq ki, hər matçda əzmkarlıq göstərək. Mən futbolçulardan bunu istəyirəm. Onlar ilk görüşdə bunu bacardılar".

    Təcrübəli məşqçi əsas millinin düşərgəsində olan U-21 üzvlərinin komandanın növbəti yoxlama oyununda meydana çıxacaqlarını istisna etməyib:

    "Əsas millinin düşərgəsində olan futbolçularımız "Şaxtyor"la oyunun ertəsi günü bizim Qana ilə görüşümüzdə iştirak edəcəklər. Təbii ki, zədə və ya digər problem yaşamasalar. Həmin futbolçular gəlsələr, heyətdə müəyyən dəyişikliklər edəcəyik".

    Qeyd edək ki, "Atırau" ilə görüşdə millinin qollarını Taşkın İlterlə Azər Salahlı vurub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi