Yuxarı

Azərbaycan millisi 6 futbolçunun xidmətindən yararlana bilməyəcək

​Yaşar Vahabzadə: Oyun sistemində müəyyən dəyişikliklər edə bilərik

Bakı. 5 oktyabr. REPORT.AZ/ 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının 6 üzvü Avropa çempionatının seçmə mərhələsində Avstriya və Finlandiya komandaları ilə görüşlərdə iştirak edə bilməyəcək. "Report"un məlumatına görə, bu barədə yığma komandanın baş məşqçisi Yaşar Vahabzadə AFFA-nın saytına açıqlama verib. 

Onun sözlərinə görə, Elşən Abdullayev, Coşqun Diniyev, Orxan Əliyev və Seymur Əsədov zədəli olduqları üçün düşərgəyə qoşulmayıblar. Həmçinin şəxsi işləri ilə əlaqədar Vüqar Mustafayev Bakıda qalacaq. Elnur Cəfərov isə əsas millinin düşərgəsinə dəvət olunduğundan, xidmətindən yararlanmaq mümkün olmayacaq.

Baş məşqçi heyətdəki problemlər səbəbindən oyun sistemində müəyyən dəyişikliyin mümkünlüyünü bildirib: "Açığı, heyətlə bağlı problemlərimiz işimizi xeyli çətinləşdirir. Bu futbolçuların yoxluğu oyunumuza mənfi mənada təsirini göstərəcək. Ola bilər ki, oyun sistemində müəyyən dəyişikliklər edək. Rəqiblərin oyunlarına dəfələrlə baxmışam. Necə futbol oynadıqlarını bilirik. Çalışacağıq ki, onlara qarşı öz oyunumuzu quraq".

Y.Vahabzadə Avstriya (0:2) və Almaniya (0:3) ilə əvvəlki seçmə oyunlarda qeydə alınan məğlubiyyətdən sonra komandanın psixoloji hazırlığından danışıb: "Toplanışımız bu gün başlayır. Qarşıdakı günlərdə futbolçuların hər bir ilə həm fərdi, həm də ümumi söhbətlərimiz olacaq. Həmin məğlubiyyətləri unutmaq lazımdır. Həyat davam edir. Bizi qarşıda daha iki oyun gözləyir. Hər iki matç çox vacibdir. Hazırlaşmaq lazımdır".

Qeyd edək ki, Azərbaycan millisi Avstriya ilə oktyabrın 9-da səfərdə, Finlandiya ilə oktyabrın 13-də Bakıda qarşılaşacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi