Yaşar Vahabzadə: "Hücumda oynamağa futbolçumuz yoxdur"

Yaşar Vahabzadə: "Hücumda oynamağa futbolçumuz yoxdur" Vahabzadə bildirib ki, komandada ən böyük problem hücumçu sarıdandır
Futbol
26 Fevral , 2015 00:30
Yaşar Vahabzadə: Hücumda oynamağa futbolçumuz yoxdur

Bakı. 26 Fevral. REPORT.AZ/ "Antalya toplanışında iki yoxlama matçı keçirdik. Futbolçuların sərgilədiyi oyundan, əzmkarlıqlarından razıyam". "Report"un məlumatına görə, bunu Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisi Yaşar Vahabzadə Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışını dəyərləndirərkən deyib.

O, Qana ilə son yoxlama matçında komandasının istəyindən razılıq ifadə edib: "Qana fiziki, atletik cəhətdən bizim komandadan güclüdür. Məğlub olmağımıza baxmayaraq, uşaqlar sona qədər mübarizə apardılar. Əsasən də birinci hissədə baxımlı oyun göstərdik. İki gündən bir görüş keçirdiyimizə görə, bəlkə də uşaqlarda bir az yorğunluq var idi. Amma yenə də sağ olsunlar ki, axıra kimi mübarizə apardılar. Nə qədər çalışsaq da, hesabı bərabərləşdirə bilmədik. Bu, futboldur".

Vahabzadə bildirib ki, komandada ən böyük problem hücumçu sarıdandır: "Biz Orxan Əliyevi məcburiyyətdən mərkəz hücumçusu mövqeyində oynadırıq. Birinci oyunda iştirak etdi, pis təsir bağışlamadı. Bu gün də çalışırdı ki, nəsə etsin. Amma klubunda tipik hücumçu kimi yox, cinahda oynayır. Təəssüflə deyirəm ki, hücum xəttində oynamağa futbolçumuz yoxdur. Düzdür, klubların əvəzedici heyətlərində var, hamısını nəzərdən keçirmişik. Lakin bu səviyyədə gəlib oynaya biləcək hücumçu yoxdur. Buna görə də əlimizdə olanlardan istifadə edirik".

Qeyd edək ki, Yaşar Vahabzadənin komandası Antalya toplanışında Qazaxıstan "Atırau"suna 2:1 hesabı ilə qalib gəldikdən sonra eyni hesabla Qananın U-21 yığmasına uduzub.

Son xəbərlər

Orphus sistemi