​Yaşar Sultanov: "Çempionatımız kəskin tənəzzül dövrü keçirir" - MÜSAHİBƏ

​Yaşar Sultanov: "Çempionatımız kəskin tənəzzül dövrü keçirir" - MÜSAHİBƏ "İcraiyyə Komitəsindən ayrılma təşəbbüsü Hafiz Məmmədovun özündən gəlib"
Futbol
29 Mart , 2016 10:08
​Yaşar Sultanov: Çempionatımız kəskin tənəzzül dövrü keçirir - MÜSAHİBƏ

Bakı. 29 mart. REPORT.AZ/ Tovuzun "Turan" klubunun sabiq icraçı direktoru və AFFA İcraiyyə Komitəsinin keçmiş üzvü Yaşar Sultanovun "Report"a müsahibəsi:

- Türkiyənin Antalya bölgəsində Azərbaycan milli komandasının Qazaxıstan yığması ilə oyununu canlı izlədiniz. Səfəriniz sırf bu oyunla bağlıdır?

- Antalyaya şəxsi işlərimlə bağlı gəlmişəm. Oyunun olduğunu bildikdən sonra millimizin oyununu izləməyə gəldim. 

- Yenidən futbola qayıtmağı düşünmürsünüz?

- Bunu gələcək göstərəcək. Biz dünən də, bu gün də futbolla yaşayan, futbolun içində olan adamlarıq. Söhbət Azərbaycan futbolundan gedirsə, bu idman növünə az da olsa marağı olan hər kəs öz dəstəyini əsirgəməməlidir. Ehtiyac olarsa, bütün hallarda dəstək verməyə hazıram.

- Ölkə çempionatının səviyyəsini necə dəyərləndirirsiniz?

- Etiraf edək ki, daxili çempionatımız kəskin tənəzzül dövrü keçirir. Lakin bunu müvəqqəti hal kimi qəbul etmək olar. Tək müsbət cəhəti var ki, o da kütləvi legioner axınının qarşısını almasa da, saylarını azaldıb. Bu isə yerli futbolçuların çıxışı üçün real şans yaradıb. Bu gün parlamaqda olan klublar kimi "Zirə" və "Kəpəz"i qeyd edərdim. Hesab edirəm ki, bu komandalar yerli futbolçuların hesabına özlərini təsdiqləyiblər. Demək olar ki, yerli futbolçularda özünəinam hissi əsaslı şəkildə artıb. Bu, hazırkı vəziyyətin müsbət tərəfidir. Ancaq iddialı klubların müəyyən dərəcədə sarsıldığını demək olar.

- Əsgər Abdullayev bir vaxtlar çalışdığınız "Turan Tovuz"a baş məşqçi təyin olunub. Bu, Tovuz klubunun yeni mövsümdə Premyer Liqada çıxış etməsinə işarə olsa da, hazırda aşağı dəstədə vəziyyət ürək açan deyil...

- Təbii ki, "Turan Tovuz"un bugünkü vəziyyəti, maddi durumu, bazasının vəziyyəti, nəinki Premyer Liqa, eləcə də digər liqalarda çıxışına imkan vermir. Bununla belə, bir müsbət tərəfi də var. Demək olar ki, komandanın bütün üzvləri yerli futbolçulardır. Onların itməməsi, yeni nəslin davam etdirilməsi üçün orada əsaslı baza, futbol akademiyası yaradılmalıdır. Ümumiyyətlə Gəncədə, Tovuzda, Sumqayıta ciddi fəaliyyətli akademiyalar olmalıdır. Bu halda Azərbaycan futbolu qazanacaq.

- AFFA İcraiyyə Komitəsinin üzvü də olmusunuz. Bu komitənin hazırkı fəaliyyətini necə dəyərləndirirsiniz?

- Hesab edirəm ki, İcraiyyə Komitəsi bu gün kifayət qədər sanballı şəxslərdən ibarətdir. Həmçinin bu komitədə futbolu təhlil edən, yeniliklər gətirməyə qadir olan insanlar var.

- AFFA-nın son konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov və xarici işlər naziri Elmar Məmmədyarov da bu siyahıya daxil edildi...

- Qurban Qurbanovun üzv olması ictimaiyyətdə sensasiya kimi qəbul olundu. Nə üçün? O, ilk növbədə tək futbolçu kimi yox, məşqçi kimi də gözümüzün önündədir. Vaxtilə "Turan"da da çıxış edib və onu yaxşı tanıyıram. İlk növbədə, Qurbanovu yüksək zəkaya malik, sanballı adam kimi xarakterizə edərdim. Nəyə görə Qurban Qurbanov İcraiyyə Komitəsində olmamalıdır? Düşünürəm ki, daha bir neçə məşqçini də üzvlüyə qəbul etmək mümkündür. Burada qeyri-adi heç nə yoxdur. Hesab edirəm ki, Qurban Qurbanovun üzvlüyü futbola yalnız xeyir və dəstək verəcək.

- Bəs, Hafiz Məmmədovun yeni heyətdə yer almamasına münasibətiniz necədir?

- Hafiz müəllim uzun müddətdir komitənin üzvü idi. Bu vaxt ərzində həmişə öz məhsuldar əməyi ilə seçilib. Biz onunla bir yerdə də işləmişik. Həmişə futbola dəstək verən, optimal fikirlərlə çıxış edən biri olub. Görünür, bugünkü işləri çoxdur. Düşünürəm ki, təşəbbüs onun özündən irəli gəlib və işləri onu komitədən ayrılmağa sövq edib.

Son xəbərlər

Orphus sistemi