Yuxarı

Yaşar Seyidov: "FİFA-ya şikayət etmiş futbolçularla danışıb, borcları hissə-hissə ödəmək istəyirik" - MÜSAHİBƏ

Bakının Premyer Liqada oynamasını istəyənlər çoxdur

Bakı. 17 may. REPORT.AZ/ "Bakı" klubunun vitse-prezidenti Yaşar Seyidovun "Report"a müsahibəsi

- Artıq mövsüm başa çatdı. Yeni mövsüm üçün "Bakı"nın planları nədən ibarətdir?

- Yeni mövsüm üçün iki variantımız var: I Divizionda qalmaq və ya Premyer Liqada iştirak etmək.

- Aşağı dəstədə qalmaq ən pis variantdır. I Divizionda sonuncu yeri tutan "Bakı"nın Premyer Liqada çıxış etmə şansı var?

- Klublar Premyer Liqada iştirak üçün lisenziyalaşma qaydalarına əsasən 5 meyarın tələblərinə cavab verməlidir. "Bakı" hazırda 4 meyara cavab verir. Bunlar idman, infrastruktur, kadr-inzibati və hüquqi meyardır. Problemimiz yalnız maliyyə meyarındadır. Bu maliyyə məsələsini həll edə bilsək, bizim yenidən Premyer Liqada oynamağımız üçün heç bir problemimiz yoxdur. Ancaq həll olunmasa, sözsüz ki, I Divizionda oynamalı olacağıq.

- Maliyyə probleminin həlli üçün klub prezidenti Hafiz Məmmədovla danışığınız olub?

- Bəli, danışmışıq. İndi də müəyyən danışıqlar gedir. Burada bir məsələ var. Maliyyə ilə bağlı FİFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinə müraciət olunmuş şikayətlərə əsasən Mübahisəli Məsələlərin Həlli Palatası qərar qəbul edib. İntizam Komitəsi də bizim 15 xalımızı silib. Bu proses üzrə işlər davam edir. Artıq FİFA-nın hüquqşünasları ilə danışıqlara başlamışıq. Borclarla bağlı şikayət etmiş həmin futbolçularla danışıq aparılır. Məsələni hissə-hissə ödənişlərlə həll etməyə çalışırıq. "İnter" klubunun apardığı işləri indi "Bakı" başlayır. Məsələn, futbolçunun müqaviləsində göstərilib ki, 100 min dollar almalıdır. Ancaq klubla razılaşır, 20 min dollar və şikayətini geri götürür. Buna nail ola bilsək, yəni futbolçularla razılaşsaq, işimiz alınacaq. Amma razılaşa bilməsək, sözsüz ki, Premyer Liqada iştirakımız sual altında qalacaq.

- Borclu futbolçularla məsələ həll olunsa, klub prezidenti "Bakı"nın Premyer Liqada iştirakı üçün lazım olan vəsaiti ödəyəcək?

- İndi bununla bağlı danışıqlar gedir. Müəyyən görüşlər olur. İndidən nəsə demək çox çətindir. Yenə qeyd etmək istəyirəm ki, Premyer Liqada iştirak üçün lisenziya tələblərinə cavab vermək lazımdır. Qanun hamı, o cümlədən "Bakı" üçün eynidir. Biz də çalışacağıq ki, qanun çərçivəsində bütün məsələləri həll edək.

- Hafiz Məmmədovun vəziyyətinin düzəldiyi, Premyer Liqada bir neçə il əvvəlki "Bakı"nın olacağı haqda xəbərlər var...

- Hadisələri qabaqlamağım doğru olmaz. Bunu zaman göstərəcək. Hər halda "Bakı" ənənəsi, infrastrukturu olan komandadır. AFFA-nın Lisenziya Komissiyası çox düzgün qərar qəbul edib və bildirilib ki, heç bir divizion komandası bu gün Premyer Liqada çıxış etməyə hazır deyil. Mən bu fikirlə tam razıyam. Bu gün Azərbaycanda iki klubun - "Bakı" və "Qəbələ"nin böyük akademiyası var. Bizim klubun 5 təbii və standartlara cavab verən 2 süni meydançası var. Yəni bu gün bu boyda akademiyası olan klubun infrastrukturunu məhv etmək olmaz. Bu vəziyyətdən çıxmaq üçün AFFA rəhbərliyi ilə də müəyyən işlər aparırıq. Sözsüz ki, onlar bizə dəstək verir və məsələlərin həllində köməklərindən yararlanmağa çalışırıq. Maliyyə məsələsi həll olunarsa, AFFA tərəfindən "Bakı"ya yaşıl işıq yandırılacaq. Heç bir problem yoxdur. Ancaq maliyyə məsələsini həll etmək şərtilə...

- Məsələni konkretləşdirsək, Hafiz Məmmədov "Bakı" klubuna əvvəlki xərci çəkməyə hazırdır?

- Hafiz müəllim "Bakı" klubu üçün deyil, Azərbaycan futbolu üçün çox iş görüb. Qeyd etdiyim problemlər həll olunsa, o, yenidən komandaya pul buraxmağa hazırdır. Maddi məsələlərdə də danışıqlar gedir. Hafiz müəllim biznes sahəsində müəyyən işlərini yoluna qoysa, gözləntilərimiz böyükdür.

- Ən pis halda klubun adının dəyişdirilməsi gündəmdə ola bilər?

- Gəlin, buna tələsməyək. Çünki ümid sonda ölür. Hələ proseslər, işlər, danışıqlar gedir. Bir az səbrli olmaq lazımdır. Başa düşürəm, "Bakı"nın Premyer Liqada oynamasını istəyənlər çoxdur. Bu səbəbdən "Bakı"dan əlavə, Azərbaycan idmanının siyasətini aparan insanlar da buna çalışmalıdır. Bu günədək milliyə 45 futbolçu vermiş akademiyanın süqutu ciddi problemlərə gətirə bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi