Yuxarı

"Qəbələ"nin sabiq hücumçusu: "Azərbaycana pul qazanmaq üçün getmişdim"

Yannik Kamanan: Ən çox qazanan oyunçuların mövsümlük müqavilələri 500 000 - 800 000 avro idi

Bakı. 29 oktyabr. REPORT.AZ/ "Azərbaycana pul qazanmaq üçün getmişdim". "Report"un məlumatına görə, bunu hazırda Fransanın həvəskarlardan ibarət "Olnoy" klubunda çıxış edən "Qəbələ"nin sabiq futbolçusu Yannik Kamanan "So Foot" nəşrinə müsahibəsində deyib.

34 yaşlı hücumçu bildirib ki, Azərbaycan Premyer Liqasında çıxış etdiyi vaxt ən çox qazanan oyunçuların mövsümlük müqavilələri 500 000 - 800 000 avro aralığında dəyişib. O, məhz bu səbəbdən, "qırmızı-qaralar"la müqavilə bağladığını açıqlayıb: "İlk dəfə mənim üçün "Azərbaycan" adı çəkiləndə "Orada nə işin var?" deyə soruşdular. Cavabında seçim imkanımın olmadığını bildirdim. Gələcəyimi düşünməli idim. Azərbaycan çempionatı genişlənir. Orta səviyyə Fransanın Liqa 2 səviyyəsindən bir az aşağıdır".

"Qəbələ"də işin daha peşəkarcasına qurulduğunu bildirən Kamanan vaxtilə İngiltərədə çıxış etmiş hücumçu Deon Bartonla eyni komandada yer aldığını xatırladıb: "Onu komandanın əvvəlki baş məqşçisi Toni Adams gətirmişdi".

Təcrübəli forvard Azərbaycan futbolunun nəinki aşağı, hətta fantastik səviyyədə olduğunu bildirib. Lakin o, ölkədə futbol məktəblərinin azlığını da diqqətə çatdırıb. 

Qeyd edək ki, Yannik Kamanan Avropa Liqasının qrup mərhələsində "Qarabağ" klubunun rəqiblərindən olan İngiltərə "Tottenhem"inin yetirməsidir. O, 2012-ci ilin yanvarında "Qəbələ" ilə 2 illik müqavilə bağlayıb. O, 2014-cü ilin aprelində "qırmızı-qaralar"la yollarını ayırıb. Bundan sonra bir ildən çox klubsuz qalan Kamanan 2015-ci ilin avqustunda Fransa çempionatının həvəskarlar liqasında çıxış edən "Olnoy" komandasına keçib.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi