Yuxarı

Xorvatiya yığması Azərbaycan millisi ilə oyun ərəfəsində problemlərlə üzləşib

Bakı. 5 fevral. REPORT.AZ/ Futbol üzrə Xorvatiya yığması AVRO-2020-nin seçmə mərhələsinin I turunda Azərbaycan millisi ilə keçirəcəyi oyun ərəfəsində problemlərlə üzləşib.

“Report” xəbər verir ki, bu barədə “Jutarnji List” nəşrində yer alan geniş məqalədə bildirilir. Yazıda UEFA Millətlər Liqasının qrup mərhələsi başa çatandan sonra klublarında oynamayan futbolçuları yığmaya çağırmayacağını bəyan edən baş məşqçi Zlatko Daliçin sözünü tutu bilməyəcəyi vurğulanıb. Buna səbəb kimi isə heyətlə bağlı ciddi itkilərin olduğu qeyd edilib.

Bildirilir ki, Şime Vrsalko (“İnter”, İtaliya), Yosip Pivariç (“Dinamo” Kiyev, Ukrayna), İvan Striniç (“Milan”, İtaliya), Antonio Miliç (“Anderlext”, Belçika), Matey Mitroviç (“Brügge”, Belçika), Due Çaleta-Tsar (“Marsel”, Fransa) və Tin Yedvay (“Bayer”, Almaniya) zədəli, Deyan Lovren (“Liverpul”, İngilərə) isə cəzalıdır.

Məqalədə alternativ variant kimi İvan Tomeçak (“Brügge”, Belçika), Marin Leovats (“Dinamo”, Xorvatiya) və Borna Barişiçin (“Reyncers”, Şotlandiya), eləcə də gənc futbolçular - Borna Sosa (“Ştutqart”, Almaniya), Karlo Bartolets (“Norşellan”, Danimarka), Fran Tudor, Yosip Yuranoviç (hər ikisi “Hayduk”, Xorvatiya), Alen Qrqiç (“Osiyek”, Xorvatiya), Marin Ponqraçiç (“Zaltsburq”, Avstriya) və digərləri göstərilir. Bununla belə, bu oyunçuların 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatında gümüş medal qazanan heyət üzvlərini layiqincə əvəzləyəcək ustalıq və təcrübəyə malik olmadığı vurğulanır.

Qeyd edək ki, Xorvatiya – Azərbaycan oyunu martın 21-də Zaqrebdəki “Maksimir” stadionunda keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi