"Xəzər Lənkəran" klubunun yeni sponsorları olacaq

"Xəzər Lənkəran" klubunun yeni sponsorları olacaq Tuyqun Nadirov: "Heyətin gücləndirilməsinə ehtiyac var"
Futbol
19 Aprel , 2016 13:50
Xəzər Lənkəran klubunun yeni sponsorları olacaq

Bakı. 19 aprel. REPORT.AZ/ Yaxın vaxtlarda "Xəzər Lənkəran"a yeni sponsorlar cəlb olunacaq. "Report"un məlumatına görə, bu barədə jurnalistlərə "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov məlumat verib. 

O deyib ki, həmin sponsorların adları tezliklə ictimaiyyətə açıqlanacaq. Vitse-prezident klubun büdcəsinin artırılacağı barədə baş məşqçi Elbrus Məmmədovun fikirlərinə də münasibət bildirib: "Mütəmadi olaraq, klub rəhbərliyi ilə baş məşqçi arasında görüşlər olur, müzakirələr aparılır. Bu gün baş məşqçi dəyişikliyi gözlənilmir. Amma heyətin gücləndirilməsinə ehtiyac var. Komandadakı futbolçularla bağlı mövsümün sonunda qərar veriləcək". 

T.Nadirovun sözlərinə görə, "Xəzər Lənkəran"ın maliyyə vəziyyəti qışdakı ilə müqayisədə müsbətə doğru dəyişib. Amma FİFA-nın futbolçulara ödəmələr barədə qərarı tam icra olunmayıb: "Pul ödəməli olduğumuz futbolçularla daim əlaqə saxlayır, müvafiq qurumlara məktublar ünvanlayır, məsələnin müsbət həllinə çalışırıq". 

"Xəzər Lənkəran" rəsmisi klubun sahibi Mübariz Mənsimovun "ağ-yaşıllar"ı maliyyələşdirməkdən imtina etdiyinə dair iddialara isə belə reaksiya verib: "Klubumuzun idarə heyəti var. İdarə Heyətinin rəhbəri Mais Mənsimovdur. Mübariz Mənsimova gəldikdə, ona həftəlik və aylıq hesabat verilir. Müxtəlif fikirlər var ki, guya "Xəzər Lənkəran" Mübariz Mənsimovun marağında deyil və ana sponsor "Palmali" Şirkətlər Qrupu kluba sponsorluq etmək fikrində deyil. Bu, biznesdir. Ana sponsorun alacağı vəsaitlər var. Dünyada baş verən iqtisadi böhran bütün biznes strukturlarına təsir edir. Üstəlik, nəzərə almaq lazımdır ki, FİFA-nın qərarına əsasən, bizim 600-700 min ödəməli olduğumuz vəsait var".

Son xəbərlər

Orphus sistemi