Bakı. 2 may. REPORT.AZ/ Curcu şəhərini təmsil edən "Astra" klubu tarixində ilk dəfə futbol üzrə Rumıniya çempionatının qalibi olub. "Report"un məlumatına görə, bu, çempionatın "6-lıq" mərhələsinin sonuna 1 tur qalmış müəyyənləşib.
İkinci pillədəki "Styaua" öz meydanında "Panduriy"lə 1:1 hesablı heç-heçə edib. Bu nəticədən sonra hələ ehtiyatda bir oyunu olan "Astra" Buxarest komandasını 5 xal qabaqlayıb və çempionluğu təmin edib.
Qeyd edək ki, "Astra"nın futbolçuları arasında uzun müddət "Xəzər Lənkəran"da çıxış etmiş Adrian Skarlatake də var. 30 yaşlı müdafiəçi Lənkəran komandasının heyətində 2011-ci ildə Azərbaycan Kubokunu, 2013-cü ildə Super Kuboku qazanıb. Skarlatake 2006-2007 mövsümündə Buxarest "Dinamo"su ilə Rumıniya çempionu olub. "Astra" ilə yanvarda mövsümün sonunadək müqavilə bağlamış futbolçu karyerasında ikinci dəfə çempionluq sevinci yaşayıb.