"Xəzər Lənkəran"ın futbolçusu: "Maddi problemlərin oyunumuza heç bir aidiyyəti yoxdur"

"Xəzər Lənkəran"ın futbolçusu: "Maddi problemlərin oyunumuza heç bir aidiyyəti yoxdur" Rasim Ramaldanov: "Neftçi" ilə oyunda ikiqat can qoyduq"
Futbol
23 Noyabr , 2015 11:00
Xəzər Lənkəranın futbolçusu: Maddi problemlərin oyunumuza heç bir aidiyyəti yoxdur

Bakı. 23 noyabr. REPORT.AZ/ "Qalib gəlmək istəyirdik, amma alınmadı. Nəticədə xal itirdik". "Report"un məlumatına görə, bunu "Xəzər Lənkəran"ın futbolçusu Rasim Ramaldanov "Neftçi"yə evdə 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XIII tur matçından sonra deyib.

29 yaşlı müdafiəçi məğlubiyyətin səbəbini qələbə istəyi olduğu halda, hücumları tamamlaya bilməmələri ilə əlaqələndirib: "Komandamızda arxayınlıq yox, istək var idi. Sadəcə, bəlkə də sonluq yox idi və ona görə uduzduq. Amma bacardığımızı ortaya qoyduq".

Zədə üzündən iynə vurduraraq meydana çıxdığını deyən Ramaldanov matça çətinliklə hazırlaşdığını dilə gətirib. O, məğlubiyyətdən təsirləndiyini gizlətməyib. Mərkəz müdafiəçisi komandadakı problemlərə də diqqət çəkib: "Heyətimiz çox kasaddır. Bu heyətlə bütün rəqiblərlə bərabər səviyyədə mübarizə aparmaq çətindir. Ümid edirik ki, qış fasiləsindən sonra yaxşı olacaq. Gənc oyunçularımız var. Amma kömək üçün 4-5 yenisi də alınsa, yaxşı olar. İnanırıq ki, maddi durum da düzələcək. Hərçənd, maddi problemlərin oyunumuza heç bir aidiyyəti yoxdur. Həmişə meydanda var gücümüzlə çıxış edirik. "Neftçi" ilə oyunda isə ikiqat can qoymalı idik və onu da etdik".

Bu görüş həm də "Xəzər Lənkəran"ın ilk dəfə doğma arenada "Neftçi"yə uduzması ilə əlamətdar olub. Ramaldanov prinsipial rəqiblərinə məğlubiyyətdə qeyri-adi bir şey görməyib: "Futboldur, nə bacarırdıqsa, onu da etdik. Oldu da... Qarşılaşmanın ardından baş məşqçi Yunis Hüseynovla oyunu bir az müzakirə etdik. Səhvlər haqda sonra danışılacaq".

Qeyd edək ki, "Neftçi"nin qollarını ikinci hissədə Elşən Abdullayevlə Fəhmin Muradbəyli vurub. 

Son xəbərlər

Orphus sistemi