Yuxarı

Xaqani Məmmədov: "Ramil Diniyevin "Rəvan" - "Xəzər Lənkəran" matçındakı penalti qərarı haqlıdır" - VİDEO

Yan xətt hakimi cəzalanacaq

Bakı. 21 may. REPORT.AZ/ "Ramil Diniyev "Rəvan" - "Xəzər Lənkəran" matçını normal idarə etdi. Təyin etdiyi penalti də düz idi". Bunu "Report"a açıqlamasında AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.

O bildirib ki, Azərbaycan Premyer Liqasında XXXVI tur matçının 80-ci dəqiqədə baş vermiş epizodda həqiqətən də kobudluq olub: "Epizoda diqqətlə baxsanız, "Xəzər Lənkəran"ın kapitanı Tural Cəlilov "Rəvan"ın oyunçusu Ruslan Tağızadənin sinəsinə dirsəklə zərbə endirir. Bu, Tağızadənin topa yiyələnərək, irəliləmək istədiyi vaxt baş verib. Ona görə də penalti qərarı haqlıdır".

X.Məmmədovun sözlərinə görə, R.Tağızadə simulyasiyaya meyilli futbolçu olsa da, bu dəfə kobudluğa məruz qalıb. Sədr "Rəvan"ın oyunçusunun həmin epizodda qayda pozuntusunun olmadığını etiraf edərək, "Xəzər Lənkəran" azarkeşlərindən üzr istəməsinə belə münasibət bildirib: "Son vaxtlar futbolçularda dəbə düşüb. Oyundan sonra komandalarının lehinə qəbul olunmuş qərarların yanlış olduğunu deyirlər. "Mənə qarşı kobudluq yox idi", "Qəsdən özümü yerə atmışdım" kimi fikirlər səsləndirirlər. Tağızadənin özü dəfələrlə hakimləri aldatmağa yönəlmiş hərəkətlərə yol verib. Amma bu dəfə həqiqətən də kobudluğa məruz qaldı. Özünün nə deməsindən asılı olmayaraq, hakim epizodu düzgün qiymətləndirdi".

Onun fikrincə, R.Diniyev "Xəzər Lənkəran"a qarşı qərəzli olsaydı, ikinci hissədə penalti epizodundan öncə "Rəvan"ın təmiz qolunu sayar, penaltidən sonra isə meydan sahiblərinin lehinə daha bir penalti təyin edərdi. X.Məmmədov sayılmayan qol epizodunda da baş hakimin səhvinin olmadığını bildirib: "Belə epizodu tutmaq çətin idi. Bunu baş hakim görə bilməzdi. Bu, qapı arxasında duran əlavə köməkçi hakimin və ya yan xətt hakiminin görməli olduğu epizoddur. Oyuna əlavə köməkçi hakim təyinatı olmamışdı, yan xətt hakimi isə gənc Elgün Adıgözəlli idi. Gənc olmasına baxmayaraq, Adıgözəlli cəzalanacaq".

Hakimlər Komitəsinin sədri referiyə haqq qazandırmasına baxmayaraq, penalti epizodunun nəinki Azərbaycanda, hətta xarici ölkələrdə də müzakirə obyektinə çevrilməsində problem görməyib: "Kim nə danışırsa, özü üçün danışır. Mən mövqeyimi dedim".

Qeyd edək ki, Ramil Diniyevin təyin etdiyi penaltini Ramazan Abbasov qola çevirib. Bu qol sayəsində "Rəvan" 2:2 hesablı heç-heçəyə nail olaraq, Premyer Liqada qalıb. "Xəzər Lənkəran" isə sonuncu yeri tutduğu üçün, reqlamentə əsasən, I Diviziona enib.    

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi