Yuxarı

Xaqani Məmmədov "Qəbələ"-"Sumqayıt" matçında hakimin səhvini etiraf edib

Bakı. 27 sentyabr. REPORT.AZ/ AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov "Sumqayıt"la Azərbaycan Premyer Liqasının III turundan təxirə salınmış matçda "Qəbələ"nin ilk qolunun oyundankənar vəziyyətdən vurulduğunu etiraf edib.

"Report"un məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında "Sumqayıt"ın prezidenti Kamran Quliyev açıqlama verib.

"Mən elə "Qəbələ"ni tərk etməmiş Xaqani Məmmədova zəng vurdum. O, məndən müxtəlif kameraların görüntülərini istədi. Həmin görüntülərə baxması üçün ən azı 3-4 saat vaxt lazım idi. Ertəsi gün ondan soruşdum. Etiraf etdi ki, ofsayd idi", - deyə Quliyev bildirib.

Lakin o, Məmmədovun 86-cı dəqiqədə baş vermiş epizodda ofsayd bayrağını qaldırmayan yan xətt hakiminin yerinə üzr istəməsini düzgün saymayıb. Klub prezidentinin fikrincə, belə hallarda yan xətt hakimi Mübariz Haşımov cəzasını almalıdır. Quliyev görüşün baş hakimi Rauf Cabbarovun da mübahisəli qol epizodunun başlanğıcında səhvə yol verdiyini əlavə edib:

"O qol epizodundan əvvəl də bizim oyunçumuzu yıxmışdılar. Rəqib futbolçu cərimə meydanına gedənədək fit çalınmalı idi. Mən burada Rauf Cabbarovun da səhvini görürəm".

Qeyd edək ki, mübahisəli qola "Qəbələ"nin hücumçusu Baqali Dabo imza atıb. Buna etiraz edən "Sumqayıt"ın baş məşqçisi Samir Abasov texniki zonadan kənarlaşdırılıb. Dabo uzatma dəqiqələrində də fərqlənərək, komandasının 2:0 hesablı qələbəsini təmin edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi