Xaqani Məmmədov: "Qarabağ"ın əleyhinə, nəticəyə təsir edən səhvi xatırlamıram" - MÜSAHİBƏ

Xaqani Məmmədov: "Qarabağ"ın əleyhinə, nəticəyə təsir edən səhvi xatırlamıram" - MÜSAHİBƏ "Mənə səhvimi izah etsinlər, cavablandırım"
Futbol
16 Fevral , 2017 13:57
Xaqani Məmmədov: Qarabağın əleyhinə, nəticəyə təsir edən səhvi xatırlamıram - MÜSAHİBƏ
AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov / Report

Bakı. 16 fevral. REPORT.AZ/ AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun "Report"a müsahibəsi

- Son günlər futboldan çox hakimlik müzakirə olunur. Oyunların səviyyəsi aşağı düşüb, yoxsa hakimlik çox zəifdir?

- Bizdə nə futbol tükənib, nə də hakimlik zəifdir. Sadəcə, bəzi klub rəsmiləri və mütəxəssislər azarkeş səviyyəsində danışırlar. Heç kim 90 dəqiqə ərzində 90 səhvə yol verən hakimi, taktikanı müzakirə etmir. Ancaq hakim bir dəfə səhvə yol verən kimi onu şişirdirlər. Xaricdə 1-2 səhvə görə heç bir hakimi asıb-kəsmirlər. Sadəcə, bəzi klub rəhbərləri mövsümün əvvəlində sponsora vədlər verirlər, çempionat sona yaxınlaşdıqca nəticə verə bilməyəcəkləri anlayan kimi günahkar axtarmağa başlayırlar. O da hakim olur.

- AFFA Hakimlər Komitəsinin sədri vəzifəsinə əcnəbi mütəxəssisin gətirilmə məsələsi tez-tez qabardılır. Doğurdanmı, Azərbaycan futbolunun problemi Xaqani Məmmədovdur?

- Komitə sədrliyinə xarici mütəxəssisin gətirilmə tendensiyası çoxdan bitib. Son illər postsovet ölkələrində dəb düşmüşdü, xaricdən mütəxəssis gətirirdilər. Artıq buna gərək duymurlar. Çünki bu, çeynənmiş məsələdir. Mənə izah etsinlər ki, Xaqani Məmmədov nəyi səhv edir, cavablandırım.

- Hakim səhvlərini nə ilə əlaqələndirirsiniz: Bacardırdıqları budur, qorxurlar, yoxsa kimlərəsə yarınmaq istəyirlər?

- Böyük klubların nüfuzu bəzi hakimlərə təsir edir. Hakimlərimizin çoxu cavandır. Bir səhv varsa, bunu qərəz adlandırmaq olmaz. Həmin səhvi normal qəbul etməyi bacarmırıq.

- Nəyə görə hakimlər daha çox çempionluğa oynayan "Qəbələ" və "Qarabağ"ın matçlarında səhvlərə yol verirlər?

- Bu oyunlar daha çox diqqət mərkəzində olduğu üçün səhvlər ön plana çıxır. Hakimlərimiz bu oyunlara daha ciddi hazırlaşırlar. Amma bəzən istəmədən özlərini "yandırırlar". Hakimlərin "Qəbələ" və ya "Qarabağ"a kömək etməsi absurd iddiadır.

- Lakin "Qəbələ" rəsmiləri iddia edir ki, hakimlər "Qarabağ"ın əleyhinə səhv qərar vermirlər...

- Hər ikisinin xeyirinə də səhv olub, ziyanına da. "Qəbələ" XVI və XVII turlarda hakim səhvlərindən 6 xal qazanıb. Bunu niyə demirlər? Olur da. Guya "Qarabağ"ın xeyrinə nə olub ki? Bir dəfə "Neftçi" ilə görüşdə səhv vardı.

- Amma əleyhinə verilən qərar da olmayıb...

- Əleyhinə? Gərək baxım. Nəticəyə təsir edən səhvi xatırlamıram. 

- "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov bildirib ki, FİFA laynsmanı Zeynal Zeynalov onlara qarşı qərəzlidir...

- Zeynalov harda qərəzli olub? Bəli, ötən tur "Zirə" - "Qəbələ" matçında səhv edib. Ona görə də ağır cəza alacaq. Ümumiyyətlə, bu ildən cəzanı ağırlaşdırmışıq. Səhvə yol verən hakimlər 5 oyun kənarda qalacaq. Bu il Zeynalovdan əlavə 4-5 nəfər də cəzalanıb.

- Bəlkə, ciddi səhvə yol verən hakimləri birdəfəlik futboldan uzaqlaşdırasınız?

- Yox, birdəfəlik düz deyil. Hakim 4-5 ilə yetişir.

- Ancaq təcürbə göstərir ki, əhv olunanlar sonra yenə ciddi səhvlər edirlər. Məsələn, Anar Niyazovu bağışladınız, lakin onun adı yenidən şübhəli oyunlarda hallandığı üçün yenidən kənarlaşdırıldı...

- Bəli, göndərdik getdi. Bu dəfə birdəfəlik. İnsana şans verilməlidir də.

- Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində keçiriləcək "Qəbələ" - "Qarabağ" matçını kimə həvalə edəcəksiniz?

- Müəyyənləşdirmişik, axşam saatlarında açıqlayacağıq. İndi ad çəkə bilmərəm.

- Əliyar Ağayev, yoxsa Fariz Yusifov?

- Məndən söz almaq istəyirsiniz? Deyə bilmərəm. Axşama bir şey qalmayıb.  

Son xəbərlər

Orphus sistemi