Xaqani Məmmədov: "Elə penaltini Azərbaycanda təyin etmirlər, çünki cəzalanacaqlarını bilirlər" - VİDEO

Xaqani Məmmədov: "Elə penaltini Azərbaycanda təyin etmirlər, çünki cəzalanacaqlarını bilirlər" - VİDEO AFFA Hakimlər Komitəsinin sədri "Braqa" - "Fənərbağça" matçının hakimliyini dəyərləndirib
Futbol
18 Mart , 2016 12:41
Xaqani Məmmədov: Elə penaltini Azərbaycanda təyin etmirlər, çünki cəzalanacaqlarını bilirlər - VİDEO

Bakı. 18 mart. REPORT.AZ/ AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Avropa Liqasının 1/8 final mərhələsində Portuqaliya "Braqa"sı ilə Türkiyə "Fənərbağça"sı arasında keçirilmiş cavab görüşünün xorvatiyalı baş hakimi İvan Bebekin idarəçiliyini dəyərləndirib. X.Məmmədov "Report"a açıqlamasında oyunun qırılma nöqtəsi kimi 69-cu dəqiqədə qonaq komandanın qapısına təyin olunmuş penaltini göstərib.

O, ümumiyyətlə, idarəçiliyin xoşagələn olmadığını bildirib: "Götürək, elə ilk qolu. "Braqa" oyundankənar vəziyyətdən fərqləndi. Meydan sahiblərinin ikinci qolunda isə penaltilik hərəkət görmədim. Mehmet Topalın əlləri bədəninə bitişik idi. Əllə oyun "Fənərbağça"nın qapısına vurulmuş 3-cü qoldan öncə var idi. Müdafiəçi topa doğru hərəkət edərkən, bilərəkdən əllə oynayır və top rəqib futbolçu Stoilkoviçin qarşısına düşür, o da dəqiq zərbə endirir. Baş hakim həmin penaltini versəydi, heç bir şübhəm olmazdı. Amma "Braqa"nın ikinci qolunda təyin olunmuş penalti, fikrimcə, qaydalara zid idi. Top istər yaxın, istərsə də uzaq məsafədən vurulsun, Topal bilərəkdən əllə oynamır, bədəni əllərin hesabına genişlənmir. Yəni, əl bədənə bitişikdir, açılmır. Əllərini çəksəydi, top futbolçunun sinəsinə dəyəcəkdi. Əllər yanlara açılsaydı, razıyam, penalti təyin edilməli idi".

AFFA rəsmisi bildirib ki, artıq bir müddətdir Azərbaycan futbolunda belə epizodlarda penalti təyin olunmur: "Belə penalti bizdə verilsəydi, həmin referi cəzalanacaqdı. Bizim hakimlər bunu bilirlər, ona görə də təyin etmirlər".

X.Məmmədovun sözlərinə görə, İ.Bebek təcrübəli baş hakim olsa da, yerli komandaya rəğbəti hiss olunub: "Halbuki o, Azərbaycan komandalarının iştirakı ilə keçirilmiş qarşılaşmaları normal idarə edib. Dünənki oyunda xorvatiyalı referinin qərəzli olduğunu deməzdim. Amma ümumilikdə hakimlər briqadasının səhvləri oldu. İlk qolda yan xətt hakimi kobud səhvə yol vermişdi. Amma həm bu, həm də penalti epizodunda buraxılan səhv "Braqa"nın xeyrinə işlədi. Oyunun sonlarında isə qalmaqallar baş verdi, "Fənərbağça" matçı 8 futbolçu ilə başa vurdu. Meydanda baş verən kütləvi qarşıdurmalar hakimlərə heç vaxt başucalığı gətirmir. Bu, hakimin oyuna nəzarətinin yüksək səviyyədə olmadığını göstərir".

Qeyd edək ki, cavab görüşündə "Fənərbağça"ya 4:1 hesabı ilə qalib gələn "Braqa" ilk oyundakı minimal hesablı məğlubiyyətin əvəzini çıxaraq, 1/4 finala yüksəlib. 

Son xəbərlər

Orphus sistemi