Yuxarı
    Bağlamaq

    AFFA Hakimlər Komitəsinin sədri "Xəzər Lənkəran"ın vitse-prezidentinin ittihamlarına cavab verib

    Bəlkə Tuyqun Nadirov gedəndən sonra o klub düzəldi

    Bakı. 10 mart. REPORT.AZ/ AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirovun ittihamlarına cavab verib. X.Məmmədov "Report"a açıqlamasında Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Neftçi" və "Xəzər Lənkəran" komandaları arasında Bakıda keçirilmiş (2:0) cavab görüşündən sonra klub rəsmisinin Hakimlər Komitəsinin ünvanına səsləndirdiyi ifadələrdən narazılığını dilə gətirib.

    X.Məmmədov bu cür ifadələrin işlədilməsinin acizlik göstəricisi olduğunu deyib: "Tuyqun Nadirov deyir ki, Azərbaycan futbolunda hakimlikdən başqa hər şey düzəldi. Mən onun fikri ilə razıyam. Düzdür, Azərbaycan futbolunda hər şey düzəlib, amma bircə Tuyqun Nadirovdan başqa... Onu da düz deyir, bu qədər aciz insandır ki, klubu bu günə salıb. "Xəzər Lənkəran" kimi komandanı necə günə salıbsa, heç Mübariz Mənsimov da onu düzəldə bilmir. Azərbaycanda bu qədər azarkeş dəstəyi olan komandanı məhz Tuyqun Nadirov bu günə salıb. Nəsillər dəyişir, futbolçular gəlir-gedir, amma Tuyqun Lənkərandan əl çəkmir. Hamını yola salır, özü qalır. Bəlkə Tuyqun Nadirov gedəndən sonra o klub düzəldi. Yəni klubun problemləri ilə məşğul olmaq lazımdır. Məhz elə onun apardığı bu bərbad siyasət nəticəsində ali futbol qurumu ilə problemlər yaşanmaqdadır. Mən transfer, borc məsələlərinə toxunmuram. Bu, klubun daxili işidir. "Neftçi", "Qəbələ" tənqid etsəydi, hardasa qəbul etmək olardı. Axı, sən hansı gününə danışırsan?"

    Komitə sədri FİFA referisi Rəhim Həsənovun idarəçiliyindən də danışıb: "Nadirov hakimlikdəki problemlərdən danışır. Bu gün Avropada sözünü deyən hakimlər yetişdirmişik. Əliyar Ağayev, Rəhim Həsənov, Orxan Məmmədov, Rauf Cabbarov, Ömər Paşayev, Rəvan Həmzəzadə və s. məhz bizim apardığımız siyasət nəticəsində son illər üzə çıxan hakimlərdir. Sən nə ilə məşğul olmusan, klubu nə günə qoymusan? Bunlardan danışsa, lap yaxşı olar. Bu cür danışmaq, nəyisə kiminsə üstünə atmaq olmaz. Bəli, "Xəzər Lənkəran" cavan komandadır və futbolçuları əzmlə mübarizə aparırlar. Amma səhvlərdən danışanda qoy, elə kubokun Lənkəranda keçirilmiş və bu komandanın lehinə verilmiş epizodlardan da danışsın. Yəni o, belə obyektivdirsə... Tuyqun Nadirov belə obyektivdirsə, "Neftçi"nin ilk hissədə penalti istəməsini də qeyd edərdi. Hakimin hər hansı marağı və ya simpatiyası olsaydı, elə o zaman penalti təyin edərdi. Amma qaydalara uyğun olaraq, hakim tamamilə düzgün qərar verdi. Orada penaltidən söhbət gedə bilməzdi. İkinci penaltidən əvvəlki "qayda pozuntusu"na gəlincə, Tuyqun Nadirovun yadına salmaq istəyirəm ki, hərdən "Futbol oyunu qaydaları" kitabını açıb baxsın".

    Qeyd edək ki, bu gün "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov "Report"a açıqlamasında AFFA Hakimlər Komitəsini ittiham edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi