Yuxarı
    Bağlamaq

    Xabi Alonso mövsümün sonunda karyerasını başa vuracaq

    36 yaşlı yarımmüdafiəçi bu barədə Münhen klubunun rəsmi saytına açıqlama verib

    Bakı. 9 mart. REPORT.AZ/ Almaniyanın "Bavariya" klubunun futbolçusu Xabi Alonso mövsümün sonunda karyerasını başa vuracaq. "Report"un məlumatına görə, bu barədə Münhen klubunun rəsmi saytına 36 yaşlı yarımmüdafiəçinin özü açıqlama verib.

    İspaniyalı futbolçu bildirib ki, bu, çətin qərar olsa da, artıq vaxt yetişib. Onun fikrincə, karyerasını yüksək səviyyədə başa vurmaq ən doğru seçimdir: "Qərar vermək üçün münasib vaxtdır. Karyeranı çox gec bitirməkdənsə, bunu tez etmək daha yaxşıdır. Özümü əla hiss edirəm, amma artıq vaxtı çatdığını düşünürəm. Futboldan yüksək səviyyədə çıxış edərək getmək istəyirdim. "Bavariya" məhz həmin səviyyədir. Bu klubda çıxış etdiyim üçün fəxr edirəm".

    "Bavariya"nın İdarə Heyətinin sədri Karl-Haynts Rummenige X.Alonso barəsində xoş sözlər deyib. O, klubu yüksək səviyyədə təmsil etdiyi üçün ispaniyalı futbolçuya minnətdarlığını bildirib: "Alonso "Bavariya"nı meydanda və ondan kənarda çox yaxşı təmsil edib. Müasir futbolun böyük oyunçularından biridir. O, karyerası ərzində mümkün olan hər şeyi əldə edib. Görkəmli şəxsiyyət və centlmendir".

    Qeyd edək ki, Xabi Alonso 2014-cü ilin yayından "Bavariya"da çıxış edir. O, Münhen təmsilçisinin heyətində 2 dəfə Almaniya çempionu olub və 1 dəfə ölkə kubokunu qazanıb. Karyerası ərzində İspaniyanın "Real Soseydad" və "Real Madrid", eləcə də İngilətərənin "Liverpul" klublarının formasını geyinmiş yarımmüdafiəçi 2005 və 2014-cü ildə Çempionlar Liqasının qalibi olub. Həmçinin İspaniya milli komandasının heyətində dünya və Avropa çempionu tituluna sahib çıxıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi