"World Skills Final" yarışında Azərbaycanı təmsil edəcək futbolçunun adı açıqlanıb

"World Skills Final" yarışında Azərbaycanı təmsil edəcək futbolçunun adı açıqlanıb Bu məktəbdə təlim keçən uşaqlardan hər il bir nəfər seçilərək adıçəkilən oyunlarda iştirak etmək üçün Mançesterə gedəcək
Futbol
2 Oktyabr , 2015 17:41
World Skills Final yarışında Azərbaycanı təmsil edəcək futbolçunun adı açıqlanıb

Bakı. 2 oktyabr. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru olan "Bakcell" şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) “Mançester Yunayted” Futbol Məktəbinin təşkilatçılığı ilə “Bayıl Arena” stadionunda baş tutan Bakı Bacarıqlar Yarışının nəticələrini elan edib. Bu barədə "Report"a "Bakcell"in mətbuat xidmətindən məlumat verilib.

Mançester şəhərinin “Old Trafford” stadionunda keçiriləcək “World Skills Final” oyunlarında Azərbaycanı təmsil etmək üçün hazırda “Mançester Yunayted” Futbol Məktəbində təlim keçən 43 oyunçudan 42 nəfəri seçmə oyunlarda iştirak ediblər.

Seçim prosesi zamanı gənc futbolçular “Mançester Yunayted” qəhrəmanlarından öyrəndikləri təcrübə ilə təkmilləşdirilmiş futbol bacarıqlarını nümayiş etdiriblər. Bu oyunlar elə təşkil olunub ki, yaşından asılı olmayaraq bütün uşaqlar bərabər səviyyədə yarışa bilirlər. Bacarıqları və texnikaları topa nəzarətdən ötürmə dəqiqliyinə kimi ölçülmüş oyunçulara xallar verilib.

Ən çox xal toplayan 11 yaşlı Nicat Quliyev Böyük Britaniya və bütün dünya üzrə məktəbin digər kurslarının qalibləri ilə bacarıqlar yarışmasında Azərbaycanın “Mançester Yunayted” Futbol Məktəbini təmsil edəcək.

“Bakıdakı bu yarış bizim burada, bu məktəbdə nələr yaratmağa çalışdığımızı, əyləncə, motivasiya, iştirak, müsbət öyrənmə mühitində sağlam rəqabəti çox gözəl əks etdirən bir hadisədir. Mançesterə səyahət edib “Arzular Teatrında” əsas yığmanın məşqlərini və oyunlarını seyr etmək,“World Skills Final”da dünyanın müxtəlif guşələrindən, Asiya, Avropa və Amerika qitəsindən bu oyunlara qatılan digər futbolçularla yarışaraq bizim məktəbimizi və Azərbaycanı təmsil etmək onun Nicat üçün böyük bir həyat təcrübəsi olacaq", - “Mançester Yunayted” Futbol Məktəbinin baş məşqçisi Mik Bennet (Mick Bennett) bildirib.

Qeyd edək ki, 2015-ci ildən başlayaraq Bakıdakı “Mançester Yunayted” Futbol Məktəbində “World Skills Final” oyunlarına seçimlər müntəzəm əsasda keçiriləcək. Bu məktəbdə təlim keçən uşaqlardan hər il bir nəfər seçilərək adıçəkilən oyunlarında iştirak etmək üçün Mançesterə gedəcək.

Son xəbərlər

Orphus sistemi