Yuxarı
    Bağlamaq

    Vüqar Məmməd: "Son oyunda qələbə qazanmaq komandamız üçün çox önəmli idi" - MÜSAHİBƏ

    Bu, bir daha göstərdi ki, biz turnirin ən əzmkar komandasıyıq

    Buxarest. 30 oktyabr. REPORT.AZ/ "Son oyunda qələbə qazanmaq milli komandamız üçün çox önəmli idi. Bu, bir daha göstərdi ki, biz turnirin ən əzmkar komandasıyıq".

    Bunu “Report”un Şərqi Avropa bürosuna müsahibəsində Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Vüqar Məmməd deyib.

    O, Avropa çempionatının ilkin seçmə mərhələsinin son oyununda Rumıniya üzərində qələbədən sonra “Report”un suallarını cavablandırıb:

    Oyunla bağlı fikirlərinizi bilmək istərdik?

    - Millimiz Avropa çempionatının seçmə mərhələsini qələbə ilə başa vurdu. Futbolçuları və məşqçi heyətini təbrik edirəm. Son oyunda qələbə qazanmaq milli komandamız üçün çox önəmli idi. Bu, bir daha göstərdi ki, biz turnirin ən əzmkar komandasıyıq. Bundan sonra da futbolçularımızla işləri davam etdirəcəyik. Müəyyən çatışmazlıqlarımız var ki, onların üzərində işləyəcəyik. Məşqçilərlə birgə fərdi və komanda şəkilində futbolçulara göstərişlərimizi verəcəyik.

    Yığmanın qrupda 3-cü yeri tutmasını necə qiymətləndirərdiniz?

    - İlk gündən demişəm ki, bu, ən güclü qruplardan biridir. Fikir verin, İngiltərə və Avstriya arasında oyun 3-2 hesabı ilə başa çatıb. Qarşılaşma böyük əzmkarlıqla keçib. Bu qrupda zəif komanda yoxdur. İngiltərə, Avstriya, Rumıniya və eyni zamanda biz. Həqiqətən dörd komanda biri-birindən güclü idi. Oyuna gəldikdə isə biz yenə də son qarşılaşmada böyük əzmkarlıq göstərdik, hər bir oyunçumuzu ayrı-ayrlıqda təbik edirəm. Millinin üzvləri meydana ancaq qələbə üçün çıxmışdılar. Biz göstərdik ki, komandamız güclü komandadır. Düzdür, milli gec bir araya gəldi, xaricdəki oyunçularımızın çoxu haradasa 6 -7 gün qalmış bizə qoşuldu. Bu da çox az vaxtdır.

    U-17 ilə bağlı hansı planlarınız var?

    - U-17-dəki futbolçularımız artıq U-19 millisinə hazırlaşacaq. Bu turnirdə U-19 millisinə keçəcək bəzi futbolçular artıq seçilib. Bakıya qayıdandan sonra rəhbərliklə danışıqlarımız olacaq. Müvəqqəti olaraq U-17-yə baş məşqçi təyin olunmuşam. Mən və məşqçi heyəti əlimizdən gələni etdik ki, bu turnirdə layiqincə çıxış edək. Belə düşünürəm ki, bir az da artığını etdik.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi