Yuxarı
    Bağlamaq

    Vaqif Sadıqov: "Baş məşqçi karyeramı bərpa etməyi fikirləşmirəm"

    Prosineçkinin Qəbələ - Qarabağ matçına niyə baxmadığını bilmirəm

    Bakı. 20 fevral. REPORT.AZ/ "İşimiz barədə ictimaiyyətə mütəmadi məlumat verməsək də, boş durmuruq, plana uyğun şəkilədə çalışırıq. İlin əvvəlində bütün milli komandaların baş məşqçiləri ilə görüşlərimiz olub. Həmçinin, bölgü aparıb, Premyer Liqanın və I divizionun oyunlarını izləyirik". Bunu "Report"a açıqlamasında AFFA-nın Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.

    58 yaşlı mütəxəssis bildirib ki, əsas fikri aşağı yaş qrupları üzrə milli komandalara yönəldiblər: "Qarşıda U-17, U-18 və U-19 yığmalarının təlim-məşq toplanışı olacaq. Bu komandalar öz aralarında oyunlar keçirəcəklər. Biz isə öz növbəmizdə həmin toplanışı və matçları izləyəcəyik. Məqsəd perspektivli futbolçuların üzə çıxarılmasında öz köməyimizi göstərməkdir. Son olaraq milli komandalarda çalışan qapıçı məşqçiləri ilə görüşümüz olub. Onlara tövsiyə etmişik ki, klublarda fəaliyyət göstərən həmkarları ilə əlaqəli işləsinlər. Həmçinin, xüsusi istedada malik futbolçulara fərdi məqşlər keçirilməsinə başlanılıb. Bizim işimiz isə bu proseslərə nəzarət etməkdir".

    Azərbaycan Premyer Liqasının oyunlarını izləmək üçün Məşqçilər Komitəsinin üzvləri arasında bölgü apardıqlarını söyləyən V.Sadıqov XIX turun "Neftçi" - "Kəpəz" qarşılaşmasına canlı baxdığını deyib: "Premyer Liqanın son turunda "Qəbələ" - "Qarabağ" görüşünü Şakir Qəribov izləyib. Özüm isə "Neftçi" - "Kəpəz" matçına baxmışam. Ağasəlim Mircavadov isə "Sumqayıt" - AZAL oyununa getmişdi. Yəni, boş oturmuruq. İşimiz budur".

    V.Sadıqov Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin son vaxtlar ölkə çempionatının oyunlarını nadir hallarda tribunadan izləməsinə də münasibət bildirib: "Nəyə əsasən bu qənaətə gəldiyinizi bilmirəm. Prosineçki nəinki Premyer Liqanın, hətta əvəzedicilərin oyunlarını da izləyir. Onun dünən baş tutan "Qəbələ" - "Qarabağ" matçına niyə baxmadığını bilmirəm. Ola bilər ki, köməkçisini göndərib. Yığmanın bütün futbolçuları məşqçilər korpusunun nəzarətindədir".

    Azərbaycan milli komandasının sabiq baş məşqçisi olan V.Sadıqovun sözlərinə görə, yaxın vaxtlarda R.Prosineçki ilə görüşəcəklər. O bildirib ki, görüşdə, ehtiyac olarsa, yığmaya yeni futbolçuların çağırılmasını təklif edəcəklər: "Milli komandanın geniş məşqçi heyəti var, bütün futbolçuları izləyirlər. Vaxtilə "Anji"də çalışanda Anatoli Bışovets baş məşqçi Hacı Hacıyevin yanına gəlmişdi və təklif etdi ki, əlavə iki göz lazımdırsa, oyunlara gedib, ona məlumat verə bilər. O da dedi ki, mənim olmadığım matçlarda nəsə görürsənsə, fikirlərin çox önəmlidir. Yəni, bu gün kiməsə bizim köməyimiz, məsləhətimiz lazımdırsa, əlimizdən gələni edə bilərik".

    V.Sadıqov məşqçi karyerasını nə zamansa bərpa edəcəyinə dair suala cavab verərkən bildirib ki, belə bir planı yoxdur. O, sağlıq durumunun buna imkan vermədiyini söyləyib: "Bir ildən çoxdur ki, səhhətimlə məşğulam. Açığı, məşqçi karyeramı bərpa etmək barədə fikirləşmirəm".

    Qeyd edək ki, Vaqif Sadıqov sonuncu dəfə 2012 - 2014-cü illər AZAL komandasının baş məşqçisi vəsizfəsində çalışıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi