Yuxarı

Vaqif Sadıqov: "Niyə "Damokl qılıncı" olmalıyıq?" - MÜSAHİBƏ

Robert Prosineçki hara gəldiyini çox yaxşı dərk edir

Bakı. 4 dekabr. REPORT.AZ/ Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun "Report"a müsahibəsi


- AFFA rəhbərliyi Məşqçilər Komitəsinin qarşısına hansı məqsədləri qoyub?

- Məqsəd eynidir: bütün layihələrdə fəal iştirak, işə nəzarət və təcrübəmizdən istifadə. İş çoxdur. Burada təkcə milli komandalar deyil, uşaq futbolu, bölgələrdə və klub futbolunun inkişafı da nəzərdə tutulub. Bir sözlə, ayrı-ayrı layihələrdə iştirak etməli, peşəkar kimi sözümüzü deməli və məsləhətlərimizi verməliyik. Ən əsası, hər bir məşqçi başa düşəcək ki, onların üzərində nəzarət var. Hesab edirəm ki, hər bir işdə, proqram və layihədə nəzarətsiz iş olmaz. Başqa sözlə, iş olan yerdə nəzarət də olmalıdır. Hazırda nəzarət peşəkarlara tapşırılıb. İnşallah, biz də bunu layiqincə həyata keçirməyə çalışacağıq.

- Robert Prosineçkinin Azərbaycan milli komandasına baş məşqçi təyinatı vaxtı sizinlə məsləhətləşmələr aparıldı?

- Prosineçkinin təyinatı dünən olub. Amma təyinatdan öncə bizə bildirilmişdi ki, o, namizədlərdən biridir, hazırda ölkəmizdədir, yığmaya rəhbərlik etməyə dair qərar verməmişdən öncə futbolumuzla, onun infrastrukturu, klublar və uşaq futbolu ilə dərindən tanış olmaq istəyir. Bunlar bizə məlumat kimi verilmişdi.

- Reaksiyanız necə olmuşdu?

- Prosineçki Azərbaycana gələrək, yaxın tanışlıqdan sonra qərar verib. Bu, yeni baş məşqçinin işə çox ciddi və məsuliyyətlə yanaşdığını göstərir. O, hara gəldiyini çox yaxşı dərk edir. Belə demək olarsa, gənc və uğurlara ac mütəxəssisdir. Baş məşqçi kimi nüfuzunu Azərbaycan yığması ilə qaldırmağa çalışacaq. Prosineçki yığmamızın uğurlu çıxışı üçün əlindən gələni etməyə çalışacaq.

- Belə fikirlər də var ki, Məşqçilər Komitəsi baş məşqçilər üzərində "Damokl qılıncı" olacaq...

- Niyə "Damokl qılıncı" olmalıyıq? Biz də insanıq, məşqçiyik və hər şeyi başa düşürük. Ən vacibi odur ki, futbolun içindəyik, həmişə futbola sadiqik. Millimizin də, ayrı-ayrı mütəxəssislərimizin də inkişafına, futbolumuza öz töhfəmizi verməyə çalışacağıq. Niyə kimsə kimdənsə çəkinməlidir? Bu, peşəkar iş prosesidir. Çalışacağıq ki, bütün məşqçilərimizə dayaq olaq.

- Əvvəllər bir çoxları kimi milliyə yerli mütəxəssisin rəhbərlik etməli olduğunu deyirdiniz. Yenə bu fikirdə qalırsınız?

- Biz bu məsələni də müzakirə etmişik. Ən birinci yerli mütəxəssis Qurban Qurbanov idi. Amma "Qarabağ"da çox yaxşı işlər görür və onu bu klubdan ayırmaq məqsədəuyğun olmazdı. Yerli və ya əcnəbiliyindən asılı olmayaraq, baş məşqçi hara gəldiyini və hansı oyunçu potensialı ilə işləyəcəyini, ondan nəyin tələb olunduğunu dərk etməlidir. Bu gün yerli mütəxəssislər milli komandaya cəlb olunmayıblarsa, o demək deyil ki, yığmadan kənarda qalıblar. Hər birimiz öz işimizdə peşəkarcasına, vicdanla işləyərək, futbolumuzu inkişaf etdirməli və millimizin oyununa təkan verməliyik.

- 21 yaşadək futbolçulardan ibarət yığmamıza hələ baş məşqçi təyin olunmayıb. Bununla bağlı nə düşünürsünüz?

- Sabah AFFA-nın baş katibi Elxan Məmmədovla görüşəcəyik. Tədbirdə bütün məqsəd və vəzifələr açıqlanacaq. Hesab edirəm ki, biz heç bir işdən kənarda qalmamalı və tövsiyələrimizi verməliyik. Məncə, bu təyinatdan da kənarda qalmayacağıq. Hazırda proses gedir, müzakirələr olacaq. Ondan sonra nə isə demək olar.

- Məşqçilər Komitəsinin 5-ci üzvü kim olacaq?

- Hələ bu haqda müzakirələr aparmamışıq. Komitə üzvlərinin hər biri ilə söhbət etdikdən sonra bu haqda nə isə demək olar. Çox güman ki, həmin namizədin adını yaxın günlərdə açıqlayacağıq. Bu gün futbolumuza xeyir verə bilən, xidmət edən mütəxəssislər çoxdur. Amma bir araya gələrək müzakirələr apardıqdan sonra nə isə demək olar.

- Sizə hansısa komandadan iş təklifi aldığınız halda, Məşqçilər Komitəsini tərk etmək səlahiyyəti verilib. Amma sədr təyin olunmağınız o demək deyil ki, Vaqif Sadıqov baş məşqçi karyerasını başa vurur?

- Belə bir komitədə yer almağımız o deməkdir ki, elə məşqçiliklə məşğul olacağıq. Bizə deyilib ki, hansısa klubdan iş təklifi aldığımız vaxt komitəni tərk etməyimiz lazım gələcək. Məşqçilər Komitəsində sırf komitənin işi ilə məşğul olanlar yer almalıdır. İki yerdə işləmək imkanı vermirlər. Digər tərəfdən, seçim imkanı verirlər. Fəal məşqçi karyeramızın qarşısını almırlar. Hər hansı təkliflə bağlı qərar vermək səlahiyyətini bizə buraxırlar.

- İddialı klublar və yığma komandaların baş məşqçilərinə yüksək əmək haqqı ödənilir. Bəs Məşqçilər Komitəsinin üzvləri üçün əmək haqqı qaneedicidir?

- Bəli, bizə hər birimizi qane edən maaş ayrılıb. Məşqçilər Komitəsi ictimai əsaslarla fəaliyyət göstərmir. Amma maaş almağımız o demək deyil ki, gündəlik AFFA-da olmalıyıq. Bizim gündəlik işimiz stadionlarda, yarış meydanlarında olmalıdır. Təkcə Bakıda deyil, bölgələrdə də olmalıyıq. Yığmalarımız çox fəaldırlar, onlarla da birgə olmalıyıq. Tez-tez AFFA-da görüşməsək də, bizi daim stadionlarda görəcəksiniz.

- O cümlədən Azərbaycan çempionatının oyunlarında da...

- Təbii. Klubların işinə nəzarət, yığmaya namizədləri nəzərdən keçirmək və digər məsələlər Məşqçilər Komitəsinə həvalə olunubsa, çempionat, aşağı yaş qrupları, Bakıda və bölgələrdəki oyunlarda, bir sözlə, hər yerdə bizi görə biləcəksiniz. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi