​Vaqif Sadıqov: "Mənim "Sumqayıt"la bağlılığım çoxdur"

​Vaqif Sadıqov: "Mənim "Sumqayıt"la bağlılığım çoxdur" "Nazim Süleymanovla bağlı fikirlərimiz çox ciddidir"
Futbol
18 Fevral , 2015 16:27
​Vaqif Sadıqov: Mənim Sumqayıtla bağlılığım çoxdur

Bakı. 18 fevral. REPORT.AZ/ "Namizədliyim "Sumqayıt" klubu tərəfindən Peşəkar Futbol Liqasına (PFL) göndərilib. PFL-də AFFA-ya təqdim edib. Yəni bu məsələdən xəbərim var". Bunu "Report"a açıqlamasında AFFA Məşqçilər Komitəsinin (MK) sədri Vaqif Sadıqov deyib.

V.Sadıqov AFFA İcraiyyə Komitəsində Ələkbər Məmmədovun vəfatı ilə əlaqədar boşalan üzv yerinə namizədliyinin niyə məhz "Sumqayıt" tərəfindən irəli sürülməsinə də aydınlıq gətirib: "Sumqayıt"la mənim bağlılığım çoxdur. Görürük ki, bu bağlılığı yaddan çıxartmayıblar. Azərbaycan futbolundakı xidmətlərimi nəzərə alıb belə bir məsləhət görüblər".

PFL-in üzvü kimi namizədliyi təqdim olunan komitə sədri seçkinin nəticəsindən asılı olmayaraq Məşqçilər Komitəsindəki işinə davam etmək istədiyini vurğulayıb. O, istənilən halda məşqçi olduqlarını xatırladıb və öz tövsiyələri ilə Azərbaycan futbolunun inkişafına dəstək verməli olduqlarını söyləyib: "Martın 6-da keçiriləcək konfransda üzvlüyüm qəbul olunsa, komitədəki işimi davam etdirmək istərdim. Düşünürəm ki, MK-nın digər üzvləri namizədliyimi yaxşı qəbul edirlər. Bu məsələni onların hər birindən ayrılıqda soruşsanız, daha yaxşı olar. Hər bir iş məsuliyyət tələb edir. Mən məsuliyyətli insanam. Digər işlərdə olduğum kimi, bu işdə də məsuliyyətli olacağam. Ən vacibi odur ki, biz futbolumuz üçün əlimizdən gələni etməyə hazır olmalıyıq".

Fevralın 17-də 50 yaşını qeyd etmiş Nazim Süleymanovun hazırda işsiz qalmasından söz açan V.Sadıqov onunla bağlı planlarının olduğunu deyib. Lakin o, planlarını açıqlamaq istəməyib: "Nazim müəllim barədə fikirlərimiz çox ciddidir. O da bizdən biridir, məşqçidir və futboldan kənarda qalmamalıdır. Mütəmadi olaraq onunla danışıram. İnanıram ki, istədiyimizə nail olacağıq".

Vaqif Sadıqov Məşqçilər Komitəsindən ayrılmaq lazım gələrsə, onu postda layiqincə əvəz edəcək insanların olduğunu da bildirib: "Əvəzolunmaz insan yoxdur. Komitənin hər bir üzvü buna layiqdir. Əvvəl gündən danışmışdıq ki, bizim aramızda vəzifə bölgüsü olmayacaq. Layiq olan əvəz edəcək və işi də peşəkarcasına davam etdirəcək".

Son xəbərlər

Orphus sistemi