Yuxarı

Vaqif Sadıqov: "Güllə altında olan təkcə Yaşar Vahabzadədir"

AFFA-ya verdiyimiz tövsiyə düzgündür

Bakı. 15 oktyabr. REPORT.AZ/ "Yaşar Vahabzadənin hesabatını eşidəndən sonra rəy verə bilərik. Bu komanda böyük ümid bəslənilən yığma idi. İlk oyunda bizi sevindiriblərsə, sonrakı məğlubiyyətlər o deməkdir ki, komanda daxilində psixoloji gərginlik var. Biz həmişə bu milliyə inanmışıq və inanırıq". Bunu "Report"a açıqlamasında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının AVRO-2017-nin seçmə mərhələsindəki son nəticələrini dəyərləndirən AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.

V.Sadıqov bildirib ki, hələlik milli komandanın məğlubiyyətləri ilə bağlı baş məşqçinin fikirlərini dinləməmiş nəsə demək olmaz. Onun sözlərinə görə, sabah Komitənin Bakıda olan 3 üzvü - Vaqif Sadıqov, Ağasəlim Mircavadov və Böyükağa Hacıyevlə bir araya gələcək. İclasın əsas məqsədi Komitənin bütün üzvləri və əsas komandanın baş məşqçisi Robert Prosineçki ilə birgə keçiriləcək görüşün təyin olunmasıdır. Hazırda xorvatiyalı mütəxəssis vətənində, Komitənin digər üzvü Şakir Qəribov isə 19 yaşadək futbolçulardan ibarət yığma ilə Sloveniya toplanışındadır.

U-21-in məğlubiyyətlərindən (Avstriya - 0:2; 0:7, Almaniya - 0:3 və Finlandiya 0:1) danışan Komitə sədri deyib ki, bu nəticələrdə hər kəsin günahı var. Onun fikrincə, belə nəticələrə görə baş məşqçini istefaya səsləmək düzgün addım deyil: "Hamımız günahkarıq. Məğlubiyyətdə sizdən tutmuş mənə qədər hamının "əməyi" var. Hesab edirəm ki, nəsə problem varsa, onun həll yollarını tapmaq lazımdır. Hər birimizi ağır vəziyyətə salan nəticələr var. Bu milliyə strateji cəhətdən böyük ümidlər bəsləyirdik. Gəlin, kimisə günahkar çıxarmağa tələsməyək. Problem göz qabağındadır. Məşqçilər Komitəsi adından deyə bilərəm ki, istefa məsələsi bizim gündəmdə yoxdur. Hansısa fikir söyləməmişdən öncə baş məşqçinin fikirlərini dinləmək lazımdır. Hər məğlubiyyətdən sonra baş məşqçini istefaya çağırmayaq. Mən məğlubiyyətə bəraət qazandırmaq istəmirəm. Yaşar müəllim Avstriyaya yollanmamışdan əvvəl bizə bildirib ki, komandanın 7 əsas üzvündən məhrumdur və orada da 2 oyunçu zədə alıb. Hətta uşaqlar da söz verdilər ki, Finlandiya ilə görüşdə yaxşı nəticə əldə edəcəklər. Məlumatım var ki, komanda pis çıxış etməyib, amma nəticə istədiyimiz kimi olmayıb". 

Y.Vahabzadənin Məşqçilər Komitəsinin tövsiyəsi ilə milliyə dəvət olunduğunu deyən sədr hazırkı baş məşqçinin gənc və yeniyetmə futbolçuların hamısını yaxşı tanıdığını söyləyib: "Yaşar müəllim uzun illərdir bu işdədir və 7-8 il Bernhard Lippertin köməkçisi kimi böyük işlər görüb. Bu işin davamçısı kimi onu görürük və inanıram ki, gələcəkdə güclü yığma komanda formalaşdıracaq. Hesab edirəm ki, Yaşar Vahabzadə ilə bağlı AFFA-ya verdiyimiz tövsiyə düzgündür".

Komitə sədri əsas planın 4 oyunu Bakıda keçiriləcək AVRO-2020-də Azərbaycan millisinin də iştirak edə bilməsindən ibarət olduğunu deyib: "Hələ vaxtımız var. Ən böyük planımız AVRO-2020-dir. Nəzərə almalıyıq ki, o zaman bu futbolçuların yaxşı vaxtları olacaq. Yaxşıdır ki, biz komandada olan problemlərdən indi - 5 il əvvəl xəbər tuturuq. Buna görə də çox çalışmalıyıq. Oyunçular milliyə klublardan gəlirlər. Hər cür futbolçular gəlir. Biz bir-birimizə dəstək olmalıyıq. Yaşar Vahabzadə də yerli məşqçidir və ona dəstək lazımdır. Gəlin, milli komanda ətrafında birləşək və öz köməyimizi əsirgəməyək. Hazırkı vəziyyət çox ağırdır. U-21-in qarşıda Almaniya və Rusiya ilə oyunu var. Biz həmin oyunları gözümüzün qarşısına gətirməliyik. Elə etməliyik ki, çıxış yolunu tapaq. Çıxış yolunu tapmaq üçün də nəticənin səbəbi məlum olmalıdır. Kimdən soruşursan, hamı kənardan günahkar axtarır. Güllə qarşısında olan isə yalnız Vahabzadədir. Hamımız birləşib bu problemi həll etməliyik. Bu, elə-belə məsələ deyil. Sadə bir şey olsaydı, bu dəqiqə sizə həll yolunu deyərdim".

Qeyd edək ki, Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığması AVRO-2017-nin seçmə mərhələsində 7-ci qrupdakı 5 oyunun 4-də məğlub olub. Milli komanda yalnız ilk turda səfərdə Farer adalarına qalib gəlib - 1:0.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi