Yuxarı

"Uypeşt"in hücumçusu: "8 saatlıq yol oyunumuza təsirini göstərdi"

"Uypeşt"in hücumçusu: "8 saatlıq yol oyunumuza təsirini göstərdi"

Bakı. 13 iyul. REPORT.AZ/ “Cavab görüşü öncəsi “Neftçi”nin böyük üstünlüyü var. Amma özümüzə inanmalı və növbəti matçda qalib gəlməliyik”. 

"Report"un məlumatına görə, bunu Macarıstan "Uypeşt”inin futbolçusu Soma Novotnı Bakıda "Neftçi"yə 1:3 hesabı ilə uduzduqları Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunundan sonra deyib. 24 yaşlı hücumçu səfər zamanı yaranan problemin onlara çətinlik yaratdığını söyləyib: “İlk qolu biz vursaq da, sonradan “Neftçi” matça dominantlıq etməyə başladı, üstünlüyü ələ aldı. Bizim üçün çox çətin oldu. Çünki səyahətimiz elə də asan keçməmişdi, bəzi çətinliklərlə üzləşmişdik. Fiziki durumumuz qaydasındadır. Sadəcə, 8 saatlıq yol qət etməyimiz öz təsirini göstərdi. Açıq havada məşq keçə bilməmişdik. Səfərdə baş verən problemlə bağlı əlavə nəsə demək istəmirəm. Çünki klubum bundan narahat ola bilər". 

Novotnı isti hava şəraitinin nəticəyə təsirini inkar edib: "Düzdür, birinci dəfə idi belə istidə futbol oynayırdıq. Üstəlik, qarşılaşmadan bir gün əvvəl məşq keçə bilməmişdik. Bu amillər işimizi daha da çətinləşdirirdi. Macarıstanla müqayisədə buranın havası çox istidi. Ancaq deməzdim ki, nəticəyə əsas səbəb məhz bu oldu. Sadəcə, “Neftçi” bizdən yaxşı idi”.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu iyulun 19-da Macarıstanda keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi