Bakı. 28 avqust. REPORT.AZ/ Ukraynanın "Dinamo" (Kiyev) klubunun fanatları Hollandiya "Ayaks"ının azarkeşlərinə hücum ediblər.
"Report"un məlumatına görə, hadisə iki komanda arasındakı Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl baş verib.
Kiyevdəki pablardan birində baş verən hadisə nəticəsində zərərçəkənlərin olub-olmaması barədə dəqiq məlumat yoxdur. Polis toqquşma iştirakçılarından 9-nu saxlayıb.
Hadisə yerində operativ təhqiqat qrupu işləyir. Onlar qarşıdurmanın səbəbi və başvermə şəraitini müəyyənləşdirirlər.
Qeyd edək ki, hazırda oyunda hesab açılmayıb. İlk matçda "Ayaks" qalib gəlib - 3:1.