Yuxarı
    Bağlamaq

    UEFA transfer qaydalarını dəyişəcək

    A.Çeferin: Hazırkı transfer sisteminin mükəmməliyindən əmin deyilik

    Bakı. 23 mart. REPORT.AZ/ UEFA son vaxtlar bir neçə elit klubun transfer bazarında hegemonluğundan narahatdır. "Report"un məlumatına görə, bu barədə qitə futbol qurumunun prezidenti Aleksander Çeferin Portuqaliyanın paytaxtı Lissabonda keçirdiyi mətbuat konfransında deyib.

    Onun sözlərinə görə, bu amil Avrokuboklardakı rəqabətə təsir göstərir və kasıb ölkələrdə futbol liqalarının inkişafına mane olur. A.Çeferin bildirib ki, nisbətən kiçik futbol ölkələri skautların istedadlı oyunçuları gənc yaşlarından topladıqlarından, sonra isə icarəyə verərək, inkişaf etmələrini gözlədiklərindən şikayətlənirlər: "İndi UEFA-nın istifadə edəcəyi bütün mexanizmləri dəqiq deyə bilmərəm. Hələlik məsləhətləşmələr və öyrənilmə prosesi gedir. Ola bilsin ki, oyunçu sayı ilə bağlı sərt limit tətbiq olunsun və ya müəyyən oyunçu sayından əlavə transfer üçün vergi qoyulsun. Hazırkı transfer sisteminin mükəmməliyindən əmin deyilik. Belədirsə, mexanizmə dəyişiklik etməkdən çəkinməyəcəyik".
    UEFA prezidenti indiki reallıqda nəhəng klubların üstün vəziyyətədə olduqlarını və digərlərinə inkişaf şansı qoymadıqlarını söyləyib. O, UEFA-nın buna yol verməyəcəyini qeyd edib: "Axı, UEFA-nın əsas vəzifəsi Avropa futbol ailəsinin bütün üzvlərinə inkişaf üçün normal şəraiti təmin etmək və şansları bərabərləşdirməkdir".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi