Yuxarı

UEFA Super Kuboku matçına biletlərin kassalara çıxarılacağı tarix açıqlanıb

Arçil Arveladze: UEFA ilə razılıq əldə olunub ki, biletlərin adi qaydada kassalarda da satışı aparılsın

Bakı. 6 iyul. REPORT.AZ/ "İspaniyanın "Barselona" və "Sevilya" klubları arasında avqustun 11-də Tbilisidə keçiriləcək UEFA Super Kuboku matçına hazırlıqlar öz axarı üzrə gedir. Hər şey normaldır". Bunu "Report"a açıqlamasında Gürcüstan Futbol Federasiyasının (GFF) idman direktoru Arçil Arveladze deyib.

O bildirib ki, hazırda Boris Payçadze adına "Dinamo" stadionunda yeni oturacaqlar quraşdırılır. Arenanın tezliklə hazır olacağını deyən A.Arveladze biletlərin Tbilisi kassalarında iyulun 8-dək satışa çıxarılacağını söyləyib: "Xaricdən almaq istəyənlər üçün biletlər "biletebi.ge" vasitəsilə satışa çıxarılıb. Lakin bu saytda problem yaranıb. Çünki 24 min bilet üçün 160 min sorğu gəlib. Nəticədə server dözə bilməyib. Adi biletlərin isə yaxın günlərdə kassalarda olacağını düşünürəm".

Federasiya rəsmisinin sözlərinə görə, hakerlər saytı dağıtmağa müvəffəq ola bilməyiblər: "Bunu satılan biletlərdən 4 mininin tam ünvanına çatdırılması da sübut edir. Sadəcə, server çoxsaylı sorğulara dözə bilməyib. Bu da təbiidir. Oyun ətrafında böyük ajiotaj var. Bu oyunu çoxları izləmək istəyir. UEFA ilə razılıq əldə olunub ki, biletlərin adi qaydada kassalarda da satışı aparılsın. Daha onlayn-satış olmayacaq. Ola bilsin, "Barselona" və "Sevilya" klubları onlara paylanan biletləri onlayn-satışa çıxarsın. Bu barədə başqa informasiyam yoxdur".

Qeyd edək ki, "Barselona" - "Sevilya" matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi