​UEFA rəsmiləri Bakıdakı Avropa çempionatından razı qalıb

​UEFA rəsmiləri Bakıdakı Avropa çempionatından razı qalıb "Bu turnir Azərbaycanda futbolun yüksəlişinə mühüm təsir göstərəcək"
Futbol
25 May , 2016 12:17
​UEFA rəsmiləri Bakıdakı Avropa çempionatından razı qalıb

Bakı. 25 may. REPORT.AZ/ UEFA rəsmiləri Bakıda 17 yaşadək futbolçular arasında keçirilmiş Avropa çempionatından razı qaldıqlarını bildiriblər. "Report"un məlumatına görə, turnirin təşkilati prosesində iştirak etmiş qurum rəsmiləri yarışın uğurlu təşkilindən, Bakıdakı yüksək səviyyəli idman infrastrukturlardan söz açıblar.

Milli komandalar üzrə turnirlərin rəhbəri Lens Kelli təşkilatçılıq haqda bunları deyib: "Turnirdə iştirak edən bütün komandalar Bakıda gördükləri yüksək səviyyəli idman infrastrukturunu, hoteldəki şəraiti, qonaqpərvərliyi yüksək qiymətləndirdilər. 13 illik fasilədən sonra Portuqaliya yığması baxımlı oyun nümayiş etdirərək Avropa çempionatının qalibi oldu".

U-21 və yeniyetmələr üzrə turnirlərin baş meneceri Klaudio Neqroni bu yarışın Azərbaycanda futbolun yüksəlişinə mühüm təsir göstərəcəyini söyləyib: "Turnirin startında gələcək Avropa çempionuna – Portuqaliya yığmasına qarşı çətin oyuna baxmayaraq, Azərbaycan komandası qrupdan çıxmağa yaxın idi. Bu komanda öz oyunçularının çıxışından qürur duya bilər. Şübhəsiz ki, bu turnir təşkilati təcrübə, idman infrastrukturu və oyunçuların inkişafı baxımından Azərbaycanda futbolun yüksəlişinə mühüm təsir göstərəcək. Bu, Avropada yeniyetmə futbolunun böyük miqyasda təbliği idi və biz səmimi qəlbdən yarışın Yerli Təşkilat Komitəsinin rəhbərliyi altında çalışan hər bir kəsə dərin təşəkkürümüzü bildiririk".

Avropa futbol qurumunun Avropa çempionatı U-17 Layihəsinin rəhbəri Pyerpaskal Larotonda isə uğurlu təşkilin AFFA və UEFA komandaları arasındakı müştərək fəaliyyətin nəticəsi olduğunu vurğulayıb: "Azərbaycan – Portuqaliya açılış oyununu stadionda 33.000 azarkeşin izləməsi yeniyetmələrdən ibarət komandaların Avropa çempionatları tarixinin rekord göstəricisi idi. Hamımız bu nailiyyətlə qürur duymalıyıq. Yarışın uğurlu təşkili AFFA və UEFA komandaları arasındakı müştərək fəaliyyətin nəticəsidir. Unikal komanda işini biz operativ olaraq oyun meydanlarında izləyə bilirdik".

Son xəbərlər

Orphus sistemi