Yuxarı

​UEFA Kubokunun qalibi: "Qəbələ"dən təklif almışdım"

Boqdan Şerşun: Həm ondan, həm də bundan oldum

Bakı. 27 fevral. REPORT.AZ/ Ukrayna millisinin sabiq futbolçusu Boqdan Şerşun karyerasının sonlarında "Qəbələ" klubundan təklif alıb. "Report"un məlumatına görə, bu barədə 35 yaşlı keçmiş müdafiəçi "football.ua"ya müsahibəsində bildirib.

O, təklifin 2014-cü ilin yayında Dorinel Muntyanu "Qəbələ"yə yenicə təyin olunduğu vaxt gəldiyini bildirib. Lakin Şerşun eyni vaxtda Gürcüstanın "Dinamo" (Tbilisi) klubundan da təklif aldığı üçün seçim etməyə imkan tapmayıb. Nəticədə təcrübəli futbolçuda heç bir variant alınmayıb: "Gürcüstan klubu maraqlı müqavilə təklif edirdi: "Dinamo" Çempionlar Liqası və ya Avropa Liqasının qrup mərhələsinə düşsəydi, komandada qalacaq, əks halda, yollarımızı ayırmalı olacaqdıq. İndiyədək belə şey görmədiyimdən, müqaviləyə imza atmaq istəmirdim. "Dinamo"ya əvvəllər Çexiya yığmasına rəhbərlik etmiş Mixal Bilek baş məşqçi təyin olundu. Komanda elə ilk oyundaca Qazaxıstan "Aktobe"sinə uduzdu. Nəticədə hamısını qovdular. "Qəbələ" variantı da var idi. Həmin vaxt komandanı Muntyanu götürmüşdü. Amma Tbilisidə işlərimi həll etdiyim vaxt "Qəbələ" özünə başqa müdafiəçi axtarırdı. Nəticədə həm ondan, həm də bundan oldum".

Qeyd edək ki, Boqdan Şerşun karyerası ərzində Rusiyanın MOİK, eləcə də Ukraynanın "Dnepr", "Arsenal", "Krivbass" və "Volın" komandalarında çıxış edib. O, 2003 - 2006-cı illərdə Ukrayna millisinin formasını geyinib. MOİK-in heyətində ikiqat Rusiya çempionu və ölkə kubokunun, eləcə də 2005-ci ildə UEFA Kubokunun sahibi olub.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi